Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2020-ci ili zərərlə işləyib. Bu barədə şirkətin yaydığı hesabatda qeyd edilir. Sənəddə görə, ötən il SOCAR-ın xalis zərəri 1.7 milyard manat olub. Lakin, hesabatda həmçinin bildirilir ki, şirkət koronavirus pandemiyası dövründə həyata keçirdiyi optimallaşdırma tədbirləri nəticəsində gözlənilən zərərini azaltmağa nail olub.
SOCAR-ın hesabatında bildirilib ki, 2020-ci ildə şirkətin ümumi dövriyyəsi 49.6 milyard manat təşkil edib: “Dövriyyənin azalmasına dünya bazarında neft və təbii qazın qiymətlərinin kəskin aşağı düşməsi, həmçinin neft, neft-kimya məhsullarının gəlir marjalarının əhəmiyyətli dərəcədə azalması təsir göstərib”.
Hesabatda qeyd olunub ki, 2020-ci il neft, qaz yataqlarının işlənməsi üçün çətin dövr olsa da, SOCAR bu sahədə əsaslı optimallaşdırma tədbirləri həyata keçirməklə 1.4 milyard manat, ticarət, paylanma və satış seqmentində isə 0.3 milyard manat mənfəət əldə edib: “Bu isə hətta 2019-cu ildə bu iki seqment üzrə əldə olunan 1.6 milyard manat cəmi xalis mənfəətdən çoxdur”.
Lakin sənəddə vurğulanıb ki, şirkət bəzi xarici ölkələrdə, o cümlədən, xarici sərmayələrinin daha çox olduğu Türkiyə bazarında pandemiyanın iqtisadi təsirlərinə məruz qalaraq, həmçinin valyuta məzənnəsində yaranan fərq səbəbindən itkilərlə üzləşib.
İqtisadçı Qubad İbadoğlu isə Azadlıq Radiosuna bildirib ki, belə bir vəziyyətin yaranmasının heç də başlıca səbəbi pandemiya dövründə “Azeri Light” markalı xam neftin qiymətinin aşağı düşməsi deyil: “Həmin markalı neftin qiyməti 2019-cu ildə orta hesabla 66.8 dollar, 2020-ci ildə isə 43.7 dollar olmuşdu. Təbii ki, neftin qiymətinin azalması zərərin artmasının səbəblərdən biri olsa da, əsas səbəb o deyil. Əsas səbəb xərclərin strukturunda özünü göstərir”.
Onun sözlərinə görə, 2019-cu ildə sair əməliyyat xərcləri 605 milyon manat olub, 2020-ci ildə isə bu rəqəm 1 milyard 930 milyon manata qalxıb: “…Yəni, SOCAR-ın xərcləri kifayət qədər şişirdilib. Bunun nəticəsində SOCAR-ın dövlət büdcəsinə ödədiyi mənfəət vergisində məbləğ aşağı düşüb”.
Q.İbadoğlu hesab edir ki, SOCAR-da xərclərin təftişinə ehtiyac var: “Ona görə də, bununla bağlı maliyyə diaqnostikasının aparılması Prezident İlham Əliyevin 23 yanvar 2021-ci il tarixli Fərmanında nəzərdə tutulub…”.
İqtisadçı qeyd edib ki, prosesi altı ay ərzində başa çatdırıb prezidentə məlumat verməlidirlər: “Həmin altı ay bu ayın 23-də başa çatır. Fərmanda başqa bir məqam diqqəti cəlb edir. Altı ay ərzində Azərbaycan İnvestisiya Holdinqi SOCAR-ın idarə olunmasına dair korporativ idarəetmə standartlarını, habelə SOCAR-ın idarəetmə orqanları üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi sistemini həyata keçirməlidir. Bunun nəticəsindən asılı olaraq SOCAR-la bağlı qərarlar veriləcək”.
Onun fikrincə, ən çox gözlənilən qərar ondan ibarətdir ki, SOCAR-a yeni menecerlər gətiriləcək: “Maliyyə diaqnostikası daha ciddi korrupsiya, təsərrüfatsızlıq hallarını aşkara çıxararsa, ola bilər ki, SOCAR-la bağlı başqa qərarlar da qəbul olunsun”.