SOCAR-ın yeni vitse-prezidenti Kənan Nəcəfov kimdir? –

DOSYE
11 Avqust 2021 - 18:29

Prezident İlham Əliyevin sərəncamı ilə Kənan Təhməz oğlu Nəcəfov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.

Yeni vitse-prezident kimdir?

Kənan Nəcəfov 1975-ci ildə Bakı şəhərində anadan olub.

1997-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini Hüquqşünas və tərcüməçi-referent ixtisası üzrə bitirib.

1998-ci ildə ABŞ-ın Amerikan Universitetinin Vaşinqton Hüquq Kollecinin Hüquq üzrə magistratura proqramına qəbul olub, 1999-cu ildə Beynəlxalq biznes hüququ ixtisası üzrə magistratura pilləsini (LLM) bitirib.

2001-ci ildə ABŞ-ın Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbinə daxil olub və 2003-cü ildə Biznes inzibatçılığı (Maliyyə ixtisası) üzrə magistratura pilləsini (MBA) bitirib.

1996-1998-ci illərdə Dünya Bankının Azərbaycan nümayəndəliyində əməliyyatlar üzrə mütəxəssis vəzifəsində çalışıb.

1999-cu ildən 2001-ci ilədək “Baker Botts LLP” hüquq firmasının Vaşinqton və Bakı ofislərində hüquq məsləhətçisi işləyib.

2003-2008-ci illərdə BP şirkətinin London və Aberdin mərkəzlərində kommersiya təhlili və biznesin inkişafı üzrə müxtəlif vəzifələrdə, 2008-2009-cu illərdə Londonda “Exane BNP Paribas” investisiya şirkətində investisiya təhlilçisi, 2009-2012-ci illərdə isə “Citigroup” İnvestisiya Bankında investisiya təhlilçisi (vitse-prezident) vəzifələrində çalışıb.

2012-2015-ci illərdə Bakıda “Nobel Oil Ltd” şirkətində strategiya üzrə baş inzibatçı və baş icraçı direktorun müavini vəzifəsində işləyib. 2015-ci ildən 2020-ci ilin avqustunadək sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

İqtisadiyyat nazirinin 5 avqust 2020-ci il tarixli əmrinə əsasən, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.