SOCAR və “Lukoil” memorandum İMZALADI –

Azərbaycanın iki neft yatağında Rusiya işləyəcək
23 Yanvar 2020 - 10:26

SOCAR və Rusiyanın “Lukoil” şirkətləri arasında Xəzər dənizinin Azərbaycan sektorunda “Naxçıvan” perspektiv strukturu, habelə dənizin dayazsulu hissəsində “Xəzəryanı-Quba” və “Qoşadaş” perspektiv strukturlarını əhatə edən kəşfiyyat blokuna dair Anlaşma Memorandumu imzalanıb.

SOCAR-dan verilən məlumata görə, Anlaşma Memorandumu İsveçrənin Davos şəhərində SOCAR-ın prezidenti Rövnəq Abdullayev və “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov tərəfindən imzalanıb.

Qeyd edək ki, “Naxçıvan” perspektiv strukturu Xəzər dənizinin Azərbaycan sektorunun dərin hissəsində, Abşeron yarımadasından 90 km cənubda yerləşir. Strukturun yerləşdiyi rayonda dənizin dərinliyi 120 metrdən 750 metrə qədər dəyişir. Struktur seysmik kəşfiyyat işləri nəticəsində 1960-cı ildə aşkar edilib.

“Qoşadaş” strukturu Xəzər dənizinin Azərbaycan sektorunda, Sumqayıt şəhərindən 20 km şimal-şərqdə yerləşir. 1951-ci ildən etibarən sahədə seysmik kəşfiyyat işləri aparılıb.