Son 2 gündə toyda karantini pozan 16 nəfər cərimələnib

23 Avqust 2021 - 09:46

21 və 22 avqust tarixlərində Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 38 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN mətbuat xidmətindən verilən xəbərə görə, monitorinq 24 şadlıq sarayında, 14 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 16 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 119 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.