Son altı ayda ölkədə 17 milyon ton neft çıxarılıb

31 İyul 2021 - 13:39

Bu ilin yanvar-iyun ayları üzrə Azərbaycanda təxminən 17,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən verilən məlumata görə, neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən, 369,1 min ton az olub.

Respublika üzrə neft hasilatının 11,4 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,9 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,9 milyon ton təşkil edib.

Bu dövrdə təxminən 14 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 13,3 milyon tondan çoxu konsorsiumun, 738,7 min tonu isə SOCAR-ın payına düşür. Neftin (kondensatla birlikdə) ixraca nəqli 2020-ci ilin müvafiq ayına nisbətən, təxminən 667 min ton, yəni 4,8 faiz azdır.