Sovet rəhbəri Atatürkü nə üçün hirsləndirmişdi? –“Stalindən qorxmuram, niyə məni saymır?” –TARİX

Mustafa Kamal Atatürk 1936-cı ildə SSRİ səfirliyində olarkən  sovet səfiri ilə söhbəti zamanı onunla mübahisə edib və Stalinin Cümhuriyyət bayramı ilə bağlı ona təbrik göndərmədiyinə etiraz edib.  

Azpost.info bildirir ki, bunu professor, tarix elmləri doktoru Cəmil Həsənli arxiv sənədlərini araşdırarkən aşkar edib. O, XX əsrin böyük siyasi liderlərindən olan Mustafa Kamal paşanın 1936-cı ilin oktyabr ayının 29-da Ankaradakı Sovet səfiri Lev Karaxanla (Karaxanyanla) olan söhbətinin gizli şəkildə Moskvaya göndərilmiş məzmununu açıqlayıb.

Gizli sənəddə göstərilirdi ki, həmin gün Türkiyədə Cümhuriyyət bayramı olduğu üçün Mustafa Kamal paşa onu müşayiət edən şəxslərlə birlikdə Sovet səfirliyində təşkil edilən qəbula xeyli gec gəlmişdi. O, Karaxanla salamlaşdıqdan sonra onunla birlikdə bufetə keçmiş və orada qızğın mübahisələr başlamışdı. Mustafa Kamal paşa SSRİ-yə olan dostluğundan və rəğbətindən söz açıb və həmin dəqiqə bəyan etmişdi ki, Türkiyə müstəqilliyinin ildönümü münasibəti ilə Sovet rəhbərinin təbrik göndərməməsindən çox incikdir. Lev Karaxan ona cavab verib ki, bu, həqiqətə uyğun deyil və  həmin təbriki teleqraf vasitəsi ilə yoldaş Mixail Kalinin göndərib. Mustafa Kamal paşa acıqlı halda bildirir ki, bu ona məlumdur: “Mən onu almışam və cavab da vermişəm. Lakin mən vasitəçinin araçılığı ilə iş görməyi xoşlamıram. Mən nəinki Türkiyə Cümhuriyyətinin prezidentiyəm, eyni zamanda türk xalqının lideriyəm”. Daha sonra o, Karaxandan soruşur: “Sizdə rəhbər kimdir?”. Karaxan cavab verir ki, rəhbərimiz yoldaş Stalindir. Mustafa Kamal paşa cavabında deyir: “Onda nə üçün o, mənə təbrik teleqramı göndərməyib. Ondan başqa hamı göndərib. Bununla o, göstərmək istəyir ki, məni saymır?” Karaxan cavab verir ki, bu belə deyil, SSRİ-də Stalinin təbrik teleqramı göndərməsi qəbul olunmayıb. Əlavə edir ki, oktyabrın 28-də Cümhuriyyət günü münasibəti ilə Kamal paşanı təbrik etdikdə, Stalinin şəxsi salamlarını da ona çatdırıb. Kamal paşa qeyd edir ki, o, Sovet İttifaqı ilə dostluğa böyük əhəmiyyət verir və nə qədər ki, o, yaşayır, bu dostluq mövcud olacaq. Lakin o, bu dostluğu yalnız bərabər tərəflərin dostluğu kimi qəbul edir.

Atatürk hesab edirdi ki, Stalin ona təbrik teleqramı göndərməli, bunu vasitəçi yolu ilə etməməlidir. Karaxan etiraf edir ki, müəyyən mənada bu fikir doğrudur. Onun özü Xarici işlər naziri Rüştü Arasla söhbət edən zaman bəzən bir-birini başa düşmürlər, lakin Aras Maksim Litvinovla söhbətləşəndə daha yaxşı bir-birlərini anlayırlar. O, əmindir ki, əgər Kamal paşa şəxsən yoldaş Stalinlə görüşsə, onlar bir neçə dəqiqənin içində istisnasız olaraq bütün məsələlərdə razılığa gələ bilərlər.

Mustafa Kemal Atatürk (20 Ağustos 1922, Konya Akşehir) (Atatürk’ün gülerken çekilen fotoğrafı iddiasıyla paylaşılan fotonun orijinali)

Sonra söhbət zamanı Kamal paşa ilə Stalinin görüşünün təşkil edilməsi barədə fikir mübadiləsi edilir və bu görüşün vacibliyi vurğulanır. Atatürk söhbət zamanı yenidən xəbərdarlıq edir ki, o, yalnız bərabər hüquqlu münasibətlərin tərəfdarıdır. Ayrı formada qarşılıqlı əlaqələrə razı deyildir. “Mən bilirəm, Sizin çox güclü, mexanikləşdirilmiş ordunuz var,

lakin mən ondan qorxmuram, ümumiyyətlə, bu dünyada heç kimdən qorxmuram, o cümlədən sizdən də. Mənim arxamda 18 milyonluq xalq dayanır, yetərlidir ki, mən əmr edim, mən hara desəm, onlar mənim arxamca gələcəkdir. Mən istəsəm münasibətlərə böyük ziyan vura bilərəm. Mən bunu əlbəttə ki, heç vaxt etmərəm, ona görə ki, mənim sözüm də dostluğum kimi müqəddəs və sarsılmazdır.”

Gizli məlumatın mətni ilə tanış olduqdan sonra Stalin onun üzərinə maraqlı dərkənar qoyub: “Voroşilova, Kaqanoviçə, Orcanikidzeyə, Litvinova. Bizim “dostumuz” Atatürkün “nitqinin” mətni ilə tanış olmaq maraqlı olardı.”

Gördüyünüz kimi, qələmlə yazılmış dərkənarda hər iki söz məhz Stalin tərəfindən dırnaq içərisinə alınıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Biznesmenlərin qazancından pensiya vergisi tutulsun” –

Sonrakı məqalə

“Atam hələ də komadadır” –