Su altında gedən enerji müharibələri –Dünyanı dəyişdirəcək yeni savaş /TƏHLİL

 Qərb Avropa və Şimali Amerikanı yüksək gərginlikli kabellə birləşdirəcək dünyanın ən böyük dənizaltı enerji konnektorunu qurmaq istəyir.

Kabellər Atlantik okeanı boyunca 2000 mildən çox uzanacaq, Böyük Britaniyanın qərbini, Kanadanın şərqi və Nyu -Yorku qərbi Fransa ilə birləşdirəcək.

Kabellər parlaq günəşin şüalarından istifadə edərək, həm şərqə, həm də qərbə bərpa olunan enerji ötürəcək.

“Etchea Energy”-nin qurucusu və baş icraçı direktoru və layihəyə rəhbərlik edən üç avropalıdan biri Simon Ludlam deyib: “Günəş zenitdə olan zaman Avropada real istifadə edə biləcəyimizdən daha çox enerjiyə malik oluruq. Bizdə çoxlu külək və həddindən artıq günəş enerjisi var. İndi bu enerjini tələb olunan yerə göndərmək üçün yaxşı vaxtdır. Beş-altı saatdan sonra günəş məsələn, ABŞ-ın şərq sahilində zenitdə olacaq və biz Avropada nahar vaxtı enerji axınını geri alacağıq”.

Transatlantik birləşdirici hələ də nəzərdən keçirilir, lakin artıq “təmiz enerji” kabel şəbəkələri dünyanın dəniz dibləri boyunca yayılmağa başlayır. Onlar sürətlə qlobal iqlim probleminin həllinin bir hissəsinə çevrilir. Bu kabellər böyük həcmdə bərpa olunan enerjini təkbaşına “yaşıl iqtisadiyyata” keçid üçün mübarizə aparan ölkələrə ötürür.

Lakin onlar həm də geopolitik xəritəni dəyişəcək yeni geosiyasi münasibətlər yaradır. Həmçinin dünyadakı bəzi enerji müharibələrini okeanın dərinliklərinə daşıyır.

“Karbonsuzlaşdırma” ehtiyacı heç vaxt bu qədər aktual olmayıb. Nüfuzlu Hökumətlərarası İqlim Dəyişikliyi Panelinə görə, dünya bu onillikdə qalıq yanacaqları mərhələli şəkildə ləğv etməli və karbon emissiyalarını təxminən iki dəfə azaltmalıdır.

Sualtı kabellər bərpa olunan enerjinin tətbiqini sürətləndirmək üçün mühüm vasitə ola bilər. “Climate Action Tracker”in təhlili göstərir ki, əksər ölkələr hələ planetin istiləşmə və çirklənməni azaltmaq üçün Paris Sazişinə qoşulmayıb.

Əksəriyyəti qonşu olan bir neçə Avropa ölkəsi arasında artıq enerji kabelləri çəkilib. Onların hamısı yalnız bərpa olunan enerji istehsal etmir, “yaşıl enerji” gələcəyi üçün yeniləri tikilir.

Elektrik stansiyaları üçün yerin məhdud olduğu Böyük Britaniya artıq dəniz yolu ilə Belçika, Norveç, Hollandiya və Danimarka ilə bağlıdır. Şimali Afrika ölkəsinin ekvator boyunca əsən günəşli saatlarından və güclü küləklərindən faydalanmaq üçün isə Mərakeş ilə günəş və külək sazişi imzalanıb.

Oxşar təkliflər bütün dünyada peyda olur. “Sun Cable” adlanan layihə günəş enerjisini ərazisi çox olan günəşli Avstraliyadan günəşin çox olduğu, lakin günəş panelləri qurmaq üçün yerin çox az olduğu  Sinqapura köçürməyi hədəfləyir.

Hindistan və Səudiyyə Ərəbistanı Asiya, Yaxın Şərq və Avropanı birləşdirən iqtisadi dəhliz üçün daha geniş planın bir hissəsi olan elektrik şəbəkələrini Ərəb dənizi üzərindən birləşdirməyi planlaşdırır.

“Avropa-ABŞ kabelləri işıq sürəti ilə hər iki istiqamətə 6 giqavat enerji daşıya bilər”-, deyə transatlantik interkonnektoru təklif edən, Londonda yerləşən bərpa olunan enerji şirkəti “Megawatt-X”-in qurucusu Laurent Segalen bildirib. Bu, altı böyük atom elektrik stansiyasının yaradılmasına bərabərdir və məlumatlar yaxın real vaxtda ötürülür.

 Transatlantik Konnektor öz inkişafının ilkin mərhələsindədir və bir neçə ölkə və dövlətin iştirakını, eləcə də əhəmiyyətli investisiyaları tələb edəcək. Ən yaxşı halda o, 2030-cu illərin ortalarına qədər tikilə bilər.

Meqalayihəni həyata keçirən şirkət ümid edir ki, o, təkcə iqlim dəyişikliyini yavaşlatmaq üçün deyil, həm də qlobal enerji müharibələrində Rusiyaya qarşı çıxmaq və su altında yeni sərhədlər tapmış təmiz enerji texnologiyalarında hökmranlıq uğrunda Çinlə mübarizə aparmaq üçün tərəfdarlar tapacaq.

Layihənin qlobal təhlükəsizlik sahəsində müsbət nəticələr verəcəyinə ümid edilir: qarşılıqlı əlaqələr ölkələri sürətlə dəyişən geosiyasi dünyada müttəfiqlərinin kim olması barədə diqqətlə düşünməyə vadar edəcək.

Bu müddət ərzində Avropa ölkələri Rusiya qazından aslılığını azaltmaq üçün öz enerjilərini qismən mövcud sualtı kabel şəbəkələri vasitəsilə bir-biri ilə daha fəal şəkildə bölüşməyə başlayıblar.

Avropa Rusiya enerjisini əvəz etmək üçün ABŞ-dan mayeləşdirilmiş təbii qaz ixracına da üz tutub.

Ancaq sualtı kabellər də toxunulmaz deyil. Rusiya okeandan özünün təxribat və hədə-qorxu aktları – Avropanı və daha az dərəcədə ABŞ-ı hədəfə almaq üçün istifadə edir. Keçən il Danimarka, Finlandiya, Norveç və İsveçin birgə sənədli filmində bildirilirdi ki, Rusiya Şimal və Baltik dənizlərində enerji kabelləri, həmçinin dəniz külək stansiyaları və qaz kəmərləri ətrafında şübhəli sualtı kəşfiyyat əməliyyatları aparır.

Onlar iddia edirdilər ki, həm hərbi, həm də mülki olan Rusiya gəmiləri kritik sualtı infrastrukturun xəritəsini çəkməyə çalışır və ehtimal ki, Avropa dövlətlərinə elektrik enerjisini kəsmək imkanına malikdir.

Kremlin sözçüsü Dmitri Peskov bu xəbəri təkzib edib və bildirib ki, bu, Avropa ölkələrinin “yenə də hər şeydə əsassız olaraq Rusiyanı günahlandırmağa üstünlük verdiyinə” işarədir.

“Control Risks” konsaltinq firmasının təhlükəsizlik riskləri üzrə baş analitiki Corc Dysonun fikrincə, Rusiyanın boz zona hücumlarının artmasının təsiri əsasən psixoloji qorxutma kimi görünür. Bu, Qərbi Avropaya xəbərdarlıqdır ki, Rusiya istəsə bundan da pis işlər görə bilər. .

Dayson bildirib ki, bu cür hücumlar xüsusilə Şimal dənizində adi hala çevrilib.

Enerji və infrastrukturun geosiyasətini tədqiq edən Avropa Xarici Əlaqələr Şurasının əməkdaşı Alberto Rizzi deyib ki, Rusiya onilliklər ərzində zəngin kömür, neft və qaz ehtiyatlarına görə dünya səhnəsində “çox mühüm” rol oynayıb. Lakin bu, onun iqtisadi rəqibləri olan Avropa və ABŞ-ın və hətta Yaxın Şərqin ənənəvi neft hasil edən dövlətlərinin bərpa olunan enerjiyə sərmayə qoyması ilə dəyişə bilər.

“Körfəz ölkələrinə baxsanız, onlar bərpa olunan enerjiyə böyük sərmayə qoyurlar. Onlar həmçinin yaşıl enerjinin əsas tədarükçüsü olmaq istəyirlər. Onlar hətta keçid dövründə də enerji mərkəzləri kimi indi sahib olduqları rolu saxlamaq istəyirlər”, – Rizzi bildirib.

CNN-in materialı əsasında

Əvvəlki məqalə

Ceyhun Bayramov İtaliya XİN başçısının müavini ilə görüşüb

Sonrakı məqalə

Tanınmış opera ifaçıları Anna Netrebko və Yusif Eyvazov ayrılıb