Sumqayıtda xəstəxanadakı yanğında 15 nəfər tüstüdən zəhərlənib

08 Yanvar 2022 - 10:07

Sumqayıt şəhərində ümumi sahəsi 4280 kvadratmetr (hər mərtəbəsi 1070 kvadratmetr) olan mansarda tipli dördmərtəbəli xəstəxana binasının birinci mərtəbəsində otağın və dəhlizin yanar konstruksiyaları 134 kvadratmetr sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın zamanı xəstəxananın yerləşdiyi mərtəbələrdən yanğınsöndürənlər tərəfindən 32 nəfər (xəstə) xilas edilib, 49 nəfər (xəstə və personal) təhlükəsiz əraziyə təxliyə olunub. Xilas edilənlərdən 15 nəfər tüstüdən zəhərlənmə əlamətləri ilə təcili tibbi yardım briqadası tərəfindən digər xəstəxanaya aparılıb.

Əməliyyat şəraitinin operativ və düzgün qiymətləndirilməsi, yanğına çevik müdaxilə, cəlb edilən qüvvələrin əlaqəli və effektiv idarə edilməsi sayəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb, yanğın qısa müddətdə söndürülüb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.