Suraxanıda arvad ərini yatdığı yerdə dəmir linglə öldürdü –

Cinayət işi başlanıb
09 Mart 2021 - 17:22

Martın 7-də saat 05 radələrində Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində 1976-cı il təvəllüdlü Şıxəliyev Mahir Oqtay oğlunun yaşadığı evdə üzərində xəsarət izləri olan meyitinin aşkarlanması barədə rayon prokurorluğuna məlumat verilib.

Suraxanı Rayon Prokurorluğunun daxil olan məlumatında bildirilib ki, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmiş şəxsin arvadı 1980-ci il təvəllüdlü Şıxəliyeva Günay Arif qızının ailə-məişət münasibətləri zəminində Mahir Şıxəliyevin yatmış vəziyyətdə olmasından istifadə edərək dəmir linglə onun baş nahiyəsinə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Günay Şıxəliyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.