Suriyada illərdir gizli saxlanılan nüvə materiallarının ölkədən çıxarılması gözlənilir. ABŞ və İsrail rəsmilərinin məlumatına görə, MAQATE-nin materialları təhlükəsiz ərazidən çıxarması üçün Vaşinqton, Dəməşq və İsrail arasında razılaşma əldə olunub. Bu prosesin arxasında isə aylardır davam edən gizli diplomatik danışıqlar dayanır.
Məlumata görə, ABŞ Prezidenti Donald Trampın administrasiyası və Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) həssas materialların təhlükəsizliyini təmin etmək və İsrail, Suriya, hətta Türkiyənin də cəlb oluna biləcəyi mümkün gərginliyin qarşısını almaq üçün təcili diplomatik razılaşma üzərində çalışıb.
Söhbət Suriyada uzun müddət gizli saxlanılan və ölkənin keçmiş prezidenti Bəşər Əsədin dövründəki nüvə proqramı ilə əlaqəli materiallardan gedir.
Materiallar haradan qalıb?
Suriya hakimiyyəti Əsədin hakimiyyəti dövründə gizli nüvə proqramı həyata keçirib. Proqramın əsas elementlərindən biri Əl-Kibar ərazisində yerləşən gizli reaktor olub.
2007-ci ildə İsrail həmin obyekti bombalayıb və Suriyanın nüvə proqramının əsas hissəsi məhv edilib. Lakin nüvə fəaliyyəti ilə əlaqəli bəzi tədqiqat və istehsal obyektləri, eləcə də materialların saxlandığı anbarlar sonrakı illərdə də qalıb.
Suriyada hakimiyyət dəyişikliyindən sonra MAQATE yeni hökumətlə razılaşaraq Əl-Kibardakı reaktor və nüvə fəaliyyəti ilə əlaqələndirilən digər obyektlərə giriş imkanı əldə edib.
“Obyekt 99”da nə saxlanılır?
İsrail rəsmilərinin məlumatına görə, Əsəd hakimiyyəti dövründə “Obyekt 99” adlandırılan yerdə Əl-Kibarda nüvə reaktorunun yaradılması layihəsinə aid nüvə materialları saxlanılıb. Hazırkı məlumatlara əsasən, həmin materiallar birbaşa nüvə silahının hazırlanması üçün yararlı hesab edilmir. Lakin onların başqa təhlükəli məqsədlərlə istifadə olunması ehtimalı narahatlıq yaradıb.
Xüsusilə söhbət “çirkli bomba” riskindən gedir. Bu, nüvə partlayışı yaradan silah deyil. Adi partlayıcı vasitə ilə radioaktiv materialların geniş əraziyə yayılmasına və ərazinin radioaktiv çirklənməsinə hesablanmış qurğudur.
Niyə indi hərəkətə keçilib?
ABŞ və İsrail rəsmilərinin açıqlamalarına görə, əsas məqsəd materialların nəzarətsiz qalmasının qarşısını almaqdır. Suriyadakı hakimiyyət dəyişikliyi, ölkədə davam edən təhlükəsizlik problemləri və regiondakı gərginlik nüvə materiallarının taleyini daha həssas məsələyə çevirib.
Məlumata görə, ABŞ administrasiyası və MAQATE son həftələrdə məsələni sürətlə həll etməyə çalışıb. Bir neçə ay davam edən gizli diplomatik və təhlükəsizlik müzakirələrindən sonra tərəflər razılığa gəliblər. Materialların MAQATE-nin nəzarəti altında çıxarılması onların mümkün şəkildə qeyri-dövlət qruplarının və ya digər aktorların əlinə keçməsi riskini azaltmağa hesablanıb.
Beləliklə, Suriyadakı köhnə nüvə proqramından qalan materialların taleyi yalnız Dəməşq üçün deyil, İsrail, ABŞ və regionun digər ölkələri üçün də təhlükəsizlik məsələsinə çevrilib.