Azərbaycan Hökuməti tərəfindən Suriyadan ölkəyə repatriasiya edilən daha 16 Azərbaycan vətəndaşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin müvafiq sosial xidmət müəssisəsinə yerləşdirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən məlumata görə, repatriasiya olunan şəxslərdən 9-u uşaq, 7-si isə qadındır.
Bildirilib ki, onların hər birinə ilkin tibbi yardım göstərilib, eyni zamanda sosial və psixoloji dəstək təmin olunub.
Məlumata əsasən, vətəndaşların sosial reabilitasiya prosesi başa çatdıqdan sonra onlar ailələrinin yanına yola salınacaqlar. Növbəti mərhələdə isə Sosial Xidmətlər Agentliyinin sosial işçiləri və psixoloqları onların yaşadıqları ünvanlara baş çəkərək sosial vəziyyətlərini qiymətləndirəcək və fərdi dəstək tədbirlərini müəyyənləşdirəcəklər.
Nazirlik qeyd edib ki, son illərdə Sosial Xidmətlər Agentliyi Suriyadan və digər ölkələrdən Azərbaycana repatriasiya edilən 600-dən çox şəxsi sosial reabilitasiya proqramlarına cəlb edib.
Hazırda isə 84 repatriantla sosial reabilitasiya və reinteqrasiya işləri davam etdirilir.
