AYNA bu marşrutlar üzrə müsabiqənin qaliblərini açıqladı– Siyahı

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) şəhərətrafı və şəhərlərarası avtobus marşrutları üzrə növbəti müsabiqələrin qaliblərini müəyyən edib.

AYNA-dan Azpost.info-a verilən məlumata görə, sərnişindaşıma sahəsində rəqabətli mühitin formalaşdırılması, marşrutların qanunvericiliyin tələblərinə uyğun şəkildə daşıyıcılara təhkim edilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində 510 nömrəli şəhərətrafı, eləcə də Bakı–Qax, Bakı–Nabran, Bakı–Quba, Sumqayıt–Qəbələ, Gəncə–Gədəbəy, Şəki–Mingəçevir, Mingəçevir–Gəncə, Lənkəran–Astara, Astara–Lənkəran, Lənkəran–Masallı və Masallı–Lənkəran marşrutları üzrə müsabiqələr başa çatıb.

Müsabiqənin nəticələrinə əsasən:

  • 510 nömrəli şəhərətrafı (Çaylı kəndi–Müşfiqabad qəsəbəsi) marşrutu üzrə “Güzdək Nəqliyyat” MMC;
  • Bakı–Qax marşrutu üzrə “Kaspian Ekspress” MMC;
  • Bakı–Nabran marşrutu üzrə “Uğur yol” MMC;
  • Bakı–Quba marşrutu üzrə “Aliosman Ağasoy” MMC;
  • Sumqayıt–Qəbələ marşrutu üzrə fiziki şəxs Abdurahmanov Şahin Elşad oğlu;
  • Gəncə–Gədəbəy marşrutu üzrə fiziki şəxs İbrahimov Nizami Abbasəli oğlu;
  • Şəki–Mingəçevir marşrutu üzrə fiziki şəxs Fərruxzadə Elbrus Elxan oğlu;
  • Mingəçevir–Gəncə marşrutu üzrə fiziki şəxs Qaffarov Murad Abbas oğlu;
  • Lənkəran–Astara, Astara–Lənkəran, Lənkəran–Masallı və Masallı–Lənkəran marşrutları üzrə isə “Logistics and Transport Services” MMC qalib elan edilib.

AYNA bildirib ki, müsabiqələr “Avtomobil nəqliyyatı haqqında” Qanunun və Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli 52 nömrəli qərarı ilə təsdiqlənmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.

Agentlik qeyd edib ki, avtobus marşrutları qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli şəkildə müsabiqəyə çıxarılır. Məqsəd sərnişindaşıma xidmətlərinin keyfiyyətini, təhlükəsizliyini və rahatlığını artırmaq, həmçinin marşrutların daşıyıcılara təhkim edilməsində şəffaflığı təmin etməkdir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.