Noyabrın 24-də baş verən sürüşmə və uçqundan sonra bağlanan Bibiheybət yolunda sabah hərəkət bərpa olunacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat vxidmətinin rəhbəri Anar Nəcəfli bildirib.
Onun sözlərinə görə, hazırda yolda asfaltlama gedir: “Bu gecə asfaltlanma yekunlaşmalıdır. Sabah səhər tezdən yolun xətlənməsi və təhlükəsizlik üçün dəmir-beton sədlərin yola düzülməsi işləri aparılacaq. Günün ikinci yarısı hər şey planlaşdırdığımız kimi olsa, yolda hərəkət bərpa olunacaq”.
Qeyd edək ki, noyabrın 24-də Bakının Səbail rayonu, Bibiheybət məscidinin yaxınlığında torpaq sürüşməsi olub.
Hadisə şəhərin mərkəzinə doğru gedən istiqamətdə baş verib. Nəticədə yolun asfalt qatı dağılıb. Uçqun təxminən 250-300 metrlik ərazini əhatə edib.
Noyabrın 24-də günorta saatlarında Bibiheybət məscidindən mərkəz istiqamətinə gedən yolda sürüşmə ilə əlaqədar alternativ yol kimi Bakı buxtası-3 küçəsi istifadəyə verilib. Lakin gecə saatlarında yeni yolun uçması nəticəsində Bakı buxtası-3 küçəsinin təxminən 400 metrlik hissəsi torpaq qatının altında qalıb. Nəticədə yaxınlıqda yerləşən “Xəzər GLX” MMC-yə, eləcə də Gəmi Qayırma və Gəmi Təmiri Müəssisəsinə ciddi ziyan dəyib.
Torpaq qatının sürüşməsi anı müşahidə kameralarına da düşüb. Küçədə hərəkətsiz vəziyyətdə olan “Mercedes” markalı avtomobil torpaq qatının altında qalıb. Ərazi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən nəzarətə götürülüb, təhlükəsizlik tədbirləri gücləndirilib, gediş-gəliş bağlanıb. (APA)