Təhsil Nazirliyi dərslikdəki “Arsak” qalmaqalına aydınlıq gətirdi

21 Sentyabr 2020 - 20:26

Təhsil Nazirliyi ötən günlər ərzində sosial şəbəkələrdə 7-ci sinif “Azərbaycan tarixi” dərsliyində “Arsak” toponiminin yer alması ilə bağlı bir çox qeyri-peşəkar və tarix elmi ilə heç bir əlaqəsi olmayan şəxslər tərəfindən təxribat xarakterli yayılan məlumata aydınlıq gətirib.

Nazirlikdən verilən məlumata görə, burada əslində tarixi həqiqət təhrif olunaraq əsassız şəkildə Azərbaycan tarixinin ayrılmaz parçası olan  qədim Albaniyanın 12 vilayətindən biri Arsakın guya ermənilərə aid olması ilə bağlı yanlış və heç bir mənbəyə əsaslanmayan şərhlər verilir. Ancaq bir çox tarixçi alimlərin (M.Kalankatuklu, A.A.Bakıxanov, Z.Bünyadov, F.Məmmədova, Q.Qeybullayev və b.) sübut etdiyi kimi, Arsak yer adı tamamilə qədim Azərbaycana aid olan məkan və addır və işğalçı qonşuların Azərbaycanın bir çox tarixi yer adları kimi bu adı da özününküləşdirmə cəhdi sadəcə tarixi saxtakarlıq nümunəsidir.

Acınacaqlısı budur ki, bir çox sosial şəbəkə yazarları özəl nəşriyyat tərəfindən çap olunan tarixi məlumat kitabçası ilə Təhsil Nazirliyinin nəşr etdirdiyi 7-ci sinif “Azərbaycan tarixi” dərsliyini qarışdıraraq mətləbdən tamamilə uzaq düşmüş və məsələnin nə yerdə olduğundan xəbərsiz olaraq sosial şəbəkə istifadəçilərinə yanlış məlumat vermişlər. Əslində isə 7-ci sinif “Azərbaycan tarixi” dərsliyində yer alan tarixi məlumatlar tarixçi alimlər tərəfindən səhih tarixi mənbələrə istinad edilərək təsbit olunub. Digər “dərslik” kimi təqdim olunan kitab isə nəinki dərslik deyil, hansısa özəl nəşriyyat tərəfindən ali məktəblərə hazırlaşanlar üçün çap edilmiş soraqçadır və Təhsil Nazirliyinə heç bir aidiyyəti yoxdur. Bu, aşağıda göstərilən foto nümunədə də öz əksini tapır. 

Hələ 2015-ci ildə Təhsil Nazirliyi bununla bağlı rəsmi olaraq öz mövqeyini bildirib. Buna baxmayaraq, həmin məsələ yenidən gündəmə gələrək insanlarda çaşqınlıq yaradıb.

Bir daha tarixçilərin dəqiq mənbələrinə istinadən deyə bilərik ki, tarix dünənin mirası olmaqla, həm bu günün mirası, sabahın aynasıdır. Biz hamımız tarixi gerçəkliyi dəqiq mənbələrə istinadən verməklə, həm də öz missiyamızı yerinə yetiririk.