Təhsilimizin parlaq aynası

Qəzet ömrü insan ömrünə çox bənzəyir. Eləsi beşiyində sönür, eləsi bir-iki, beş-on yaşında bəzi maddi-mənəvi məhrumiyyətlərlə, təzyiqlərə-basqılara tablamayıb fəaliyyətini dayandırır. Eləsi də var ki, qətiyyətlə zamanı yarıb irəliləyir, neçə-neçə nəslin şüuruna ovsar olur. “Azərbaycan müəllimi” qəzeti məhz bu uğurlular sırasındadır.

Doxsan illik keşməkeşli bir yol qət edib. Yarandığı ötən əsrin otuzuncu illlərinin ağrılı represiyasına sinə gərib, jurnalistlərin qələmi süngü ilə əvəzlədiyi Böyük Vətən Müharibəsi alovundan keçib, sovet dönəminin tənəzzülündən çıxıb, böhranlara yenilmədən, müstəqil, azad gerçəkliyimizə gəlib toxtayıb. Həm də vəzifəsini layiqincə yerinə yetirərək, öz dəsti-xəttini, simasını tarixin təpkilərindən məharətlə qoruyaraq…

Bu gün dünyada ölkəmiz qalib ölkə, xalqımız qalib xalıq kimi tanınır. Ən mötəbər təşkilatlar, ən qüdrətli dövlətlər rəyimizlə hesablaşır. Belə bir böyük nüfuzun, möhtəşəm imicin qazanılmasının təməlində Ulu öndərimiz Heydər Əliyevin ideyaları əsasında yaradıcı şəkildə işini quran möhtərəm prezidentimiz İlham Əliyevin yürütdüyü bəsirətli siyasət dayanır. Aprel döyüşlərində, qırx dörd günlük Qarabağ müharibəsi Vətən  savaşında, lokal antiterror əməliyyatında onun  Ali Baş  Komandan kimi mahir sərkərdəliyi ilə əldə  etdiyimiz zəfər, ölkə rəhbəri kimi  uzun illər boyu apardığı islahatların, məqamında verdiyi fərmanların, sərəncamların məntiqi nəticəsidir. Təhsil, təlim-tərbiyə sahəsində qurduğu düzgün strategiyası sayəsində gənclərimiz vətənpərvərlik ruhunda yetişdirilir ki, qorxmadan-qırpınmadan silaha sarıldılar, canları-qanları bahasına əzəli torpaqlarımızı hiyləgər yağı caynağından qopara bildilər. Bu işdə, təbiidir ki, mətbuatın, o cümlədən “Azərbaycan müəllimi” qəzetinin də xüsusi payı var. Dövlətin məqsədini-məramını ardıcıl surətdə səhifələrində işıqlandırdı, təbliğat yükünü çiyinlərində daşıdı, şəhərlərə, əyalətlərə çatdırdı. Qəhrəmanlıq mövzusunda oçerklər, məqalələr, şeirlər, esselər, hekayələr, reportajlar, müsahibələr verdi. Ölkəmizin tərəqqisində, müdafiəsində əvəzsiz rol  oynamış görkəmli şəxsiyyətlərin tərcümeyi-halını dəyərli örnək kimi gənc nəslə təqdim etdi. …Və xoşbəxt gələcəyimiz naminə bu gün də vəzifəsini-missiyasını şərəflə, məsuliyyətlə yerinə yetirir…

Fərəhli haldır ki, “Azərbaycan müəllimi” qəzeti təkcə təhsilə  ayna tutmaqla kifayətlənmir, pedaqoji aləmə təsir göstərən bütün sahələri diqqətində saxlayır. Mədəniyyətin müxtəlif qanadlarından da, incəsənətin ayrı-ayrı növlərindən də səhifələrini əsirgəmir.

Oxucularına mütəmadi olaraq rəssamlıq, heykəltaraşlıq, musiqi ilə bağlı maraqlı yazılar töhfələyir. O, mədəniyyətimizin sadə nümayəndəsi kimi, ara-sıra üz tutduğum mətbuat orqanlarından biridir və hər dəfə əməkdaşları, rəhbərliyi tərəfindən mehribanlıqla, nəzakətlə qarşılanmışam. “Nəsimi ili” münasibəti ilə mütəfəkkir şairin əsərlərinin muğamata yatımlılığı haqqında yazdığım, son dövrdə prezidentimiz İlham Əliyevin,  Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın  klassik musiqimizə qayğısından ruhlanaraq qələmə aldığım məqalələri çap edib, ictimaiyyətə yetiriblər…

Mən də “Azərbaycan müəllimi” qəzetinin 90 illik yubileyi münasibəti ilə onun fədakar kollektivini təbrik edir, uğurlar arzulayıram.. Azərbaycan təhsilinin aynası kimi həmişə belə parlaq olsun !..

 

Ruzə İBİŞOVA,

Xanəndə, Azərbaycan Respublikasının Əməkdar artisti,

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Muğam sənəti kafedrasının baş müəllimi, doktorant

 

Əvvəlki məqalə

Britaniyalı supermodel Bakı səfəri haqqında paylaşım edib

Sonrakı məqalə

Moldova Prezidenti canlı efirdə danışarkən zəlzələ oldu –