Tərtərdə şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına medallar təqdim edilib

Tərtərdə, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirərək Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş hərbi qulluqçuların ailələrinə və Vətən müharibəsi iştirakçılarına orden və medallar təqdim edilib.

Tərtər Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, şəhidlərin ailə üzvlərinin, qazilərin, Qarabağ müharibəsi veteranlarının və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbirdə çıxış edərək 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən danışıb, Vətənə layiqli oğullar yetirdiklərinə və göstərdikləri xidmətə görə şəhid ailələrinə, qazilərimizə minnətdarlıqlarını ifadə edib.

Tədbirdə şəhidlərimizin döyüş yoluna nəzər salınaraq, onların əsl vətənpərvər, qorxmaz, cəsur və yüksək nizam-intizamlı hərbçi olduqları bildirilib. Qeyd edilib ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaq.

Sonra Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə təltif olunmuş 19 nəfər tərtərli şəhidin medalları ailə üzvlərinə, 14 nəfər müharibə iştirakçısının medalları isə özlərinə təqdim olunub. Şəhid ailələri və Vətən müharibəsi iştirakçıları göstərilən dövlət qayğısına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və birinci xanım prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

AZƏRTAC

Əvvəlki məqalə

Ukraynada “Zoom”la evlənməyə icazə verilib

Sonrakı məqalə

DİM 12 şəhər və rayonda ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib