“Taliban” bir sıra vilayətlərdə televizora baxmağı qadağan edib

14 Avqust 2021 - 18:56

“Taliban” qüvvələrinin paytaxt Kabilə doğru irəliləməsi Əfqanıstanda vəziyyəti gərginləşdirib.

Bu barədə məlumatı Əfqanıstanın vitse-prezidenti Əmirullah Saleh verib.

O bildirib ki, əfqan xalqı heç vaxt “Taliban”ın hökmranlığı altında yaşamayacaq. “Mən heç vaxt bu hərəkatın hakimiyyətini qəbul etməyəcəyəm və mübarizəni sonadək davam etdirəcəyəm”. Vitse-prezident nəzərə çatdırıb ki, vəziyyətin gərginləşməsinin səbəbi idarəetmənin düzgün olmamasıdır.

Əfqanıstandakı vəziyyət ABŞ Konqresində də müzakirə olunub. Respublikaçılar partiyasından konqresmen Mitç Makkonel ABŞ Prezidenti Cozef Baydeni kəskin tənqid edərək rəsmi Vaşinqtonun hərbi hissələrin Əfqanıstandan çıxarılmasını yanlış addım hesab edib. Əfqanıstanın ABŞ-dakı səfiri ilə görüşündən sonra M.Makkonel “Taliban” hərəkatına qarşı hava zərbələrinin endirilməsini təklif edib. O deyib ki, paytaxt Kabilin ələ keçirilməsinə imkan vermək olmaz.

Məsələyə Böyük Britaniyanın Baş naziri Boris Conson da münasibət bildirib. O diqqətə çatdırıb ki, rəsmi London hadisələri diqqətlə izləyir. Lakin Böyük Britaniyanın Əfqanıstana hərbi müdaxiləsi müzakirə mövzusu deyil.

Əfqanıstanda 50-dən artıq vilayəti ələ keçirən “Taliban” hərəkatı isə bəyanat yayaraq bildirib ki, vilayətləri döyüşsüz ələ keçirməyimiz onu göstərir ki, bizim əfqan xalqı arasında böyük nüfuzumuz var.

“Taliban” ələ keçirdiyi vilayətlərdə artıq öz qaydalarını tətbiq etməyə başlayıb. Belə ki, “Taliban”ın nəzarəti altında olan vilayətlərdə televizora baxmaq qadağan olunub. Evlərdəki televizor və peyk antenaları müsadirə edilir. Mobil telefonlar yoxlanılır. Mobil telefonunda əxlaq normalarına uyğun olmayan video və foto tapılan şəxslər cəzalandırılır. Qadınların təkbaşına küçəyə çıxması qəti qadağan edilib. Küçəyə çıxan qadının yanında mütləq əri və ya yaxın qohumu olmalıdır. Kişilər mütləq saqqal saxlamalıdırlar, üzünü qırxanlar cəzalandırılır.

Nəzərə çatdıraq ki, BMT-nin baş katibi Antonio Quterreş “Taliban”a çağırış edərək hərbi əməliyyatları dayandırmağı tələb edib. BMT-nin məlumatına əsasən, Əfqanıstanda artıq 241 min nəfər hərbi münaqişə zamanı evini tərk edərək qaçqın vəziyyətinə düşüb.

“Taliban” hərəkatının silahlıları paytaxt Kabili də ələ keçirmək üçün irəliləyir.