“Taliban” BMT-nin Əfqanıstanda qalmasını istəyib

20 Avqust 2021 - 09:23

“Taliban” BMT-yə dəstəyini ifadə edib və təşkilatın ölkədə qalmasını, humanitar fəaliyyətini davam etdirməsini istəyib.

Bunu BMT-nin Əfqanıstandakı humanitar məsələlər üzrə əlaqələndiricisi Ramiz Ələkbərov “RİA Novosti”yə bildirib.

Onun sözlərinə görə, BMT-nin Əfqanıstandakı humanitar ofisi ilə “Taliban” arasında praktiki qarşılıqlı əlaqə 18 ildir davam edir: “Biz bütün bu müddət ərzində onlarla birlikdə çalışmışıq. Həm də humanitar tədbirlərin həyata keçirilməsi üçün əlaqələr qurmuşuq”..

O bildirib ki, son günlərdə ofislə “Taliban” arasında “heç bir yeni razılaşma” olmayıb.

“İşçi əlaqələrimiz var. Həmişə dəstək verəcəklərinə inandırıblar. Yenə də dəstəklərini ifadə ediblər və burada qalmağa davam etməyimizi, humanitar yardım göstərməyimizi istəyirlər”, – R.Ələkbərov belə deyib.

“Taliban”la qarşılıqlı əlaqələr zamanı hansı aspektlərin müzakirə edilməsinin planlaşdırıldığına dair suala cavabında R.Ələkbərov “ilk növbədə, humanitar şəraitdə çalışan qadınların iş yerlərinə çıxışının təmin edilməsi məsələsinin” olduğunu bildirib.

Onun sözlərinə görə, bəzi bölgələrdə qadınlar belə maneələrlə tez-tez üzləşirlər, amma “hər şey kimin hansı bölgədə komandir olmasından asılıdır”.