Taliblər Tacikistan sərhədində zastavanı ələ keçirib

27 İyun 2021 - 23:17

Taliblərin Əfqanıstanın Bəlx əyalətinin Kaldor mahalının Uçkuk sərhəd məntəqəsinə hücumu nəticəsində hökuməıt qüvvələrinin 17 hərbçisi Tacikistan ərazisinə keçməli olub.

RİA-Novostinin məlumatına görə, bu barədə Tacikistan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsindən məlumat verilib.

“Yerli vaxtla 12:50-də şiddətli silahlı qarşıdurma nəticəsində 17 hökumət qüvvələri hərbçisi şəxsi heyətin həyatını qurtarmaq üçün 1-ci “Şəhritus” sərhəd dəstəsi vasitəsilə Tacikistan ərazisinə çəkilməyə məcbur qalıb”, – agentliyin həmsöhbəti deyib.

Onun sözlərinə görə, tacik sərhədçilər humanizm və dinc qonşuluq prinsipləri ilə davranaraq dövlət sərhədini keçən əfqan hərbçilərə öz ərazilərinə maneəsiz girməyə icazə veriblər.

“Həmin sərhəd bölgəsində vəziyyət gərgin olaraq qalır, “Taliban” qruplaşması ilə əfqan hökumət qüvvələri arasında hərbi əməliyyatlar davam edir”, – o əlavə edib.