İranın Dehqolan, Diziçe, Zahedan, Tehran, Məşhəd və bir sıra şəhərlərində etiraz aksiyaları davam edib.
Etirazlarda “Diktatora ölüm!”, “Xameneiyə ölüm!”, “Xamenei qatildir, hökuməti batildir!”, “Uşaq qatili hökumətə ölüm!”, “Qatil Xameneiyə ölüm!”
İranda əmanətçilər rejimə etiraz olaraq öz pullarını banklardan çıxarır. Amma hökumət bankların nağdlaşdırma əməliyyatlarına limit tətbiq edib.
Tehran şəhərində gecə-gündüz divarlara Xamenei əleyhinə şüarlar yazılır: “Xameneiyə ölüm!”, “Qələbə bizimlədir!”
Moniriye bölgəsinin sakinləri gecə rejimə qarşı şüarlar səsləndirib: “Diktatora ölüm!”, “Xameneiyə ölüm!”, “Xamenei qatildir, hökuməti batildir!”, “Uşaq qatili hökumətə ölüm!”, “Qatil Xameneiyə ölüm!”
Narmək bölgəsində isə etirazçılar mollanın evini yandırıb.
Tehranın Xacə Nəsir Universitetinin tələbələri həbsdə olan tələbələr azad olunana qədər tətil keçirəcəyini bildiriblər.
Təbriz şəhərində qadın fəal Vahidə Xanpur Təbrizdə atasının evində İran rejiminin təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub.
Xorasan-Rəzavi əyalətində, Məşhəd Azad Universitetinin tələbəsi professorla siyasi müzakirədən sonra sinifi tərk edib və hökumət qüvvələrinin hücumundan sonra o, elan lövhəsinin şüşəsini sındıraraq intihar edib.
Xuzistan əyaləti – Əhvaz mediasının məlumatına əsasən, 9 gün öncə rejim qüvvələri tərəfindən qaçırılan 22 yaşlı əhvazlı tələbə Dünya Fərhadinin meyiti Karun çayının kənarında tapılıb.
İsfahan əyalətinin Diziçe bölgəsində “İrancell” və “Raytel” telefon operatorlarının baza stansiyaları etirazçılar tərəfindən yandırılıb.
Kürdüstan əyalətinin Dehqolan şəhərində aksiyalar zamanı hakimiyyət əleyhinə şüarlar səsləndirilıb.
Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərində etirazçılar “Xamenei həya et, ölkəmizdən əl çək” şüarı səsləndirib, qadınlar rejiminin etirazçıları edam etməsinə qarşı etiraz məqsədilə aksiya keçiriblər.
Aksiya iştirakçıları əllərini qan rənginə boyayaraq şüarlar səsləndiriblər: “Zalım hökumətə ölüm olsun!”, Bəsic və SEPAH, bizim İŞİDimiz sizsiniz!”
Şəhid Beheşti Universitetinin professoru və hüquqşünas Muhəqqiq Damad bir din xadimi kimi bütün İran xalqından üzr istəyib: “Biz İslam əxlaqını təbliğ etmədik və bugünkü nəsli mehriban, mərhəmətli və zorakılıqdan uzaq tərbiyə edə bilmədik”.
Zahidan şəhərinin cümə imamı Mövləvi Əbdülhəmid bildirib ki, bu gün İran xalqının əksəriyyəti narazıdır”.
O, hazırda İranın pul vahidi riyalın dünyada ən dəyərsiz pula çevrildiyini, ölkə əhalisinin gözü qarşısında sərvətlərinin talanmasının narahatlıq doğurduğunu, ölkədə ayrı-seçkilik siyasətinin yürüdüldüyünü və qanunların hamı üçün eyni dərəcədə şamil edilmədiyini bildirib.
Ermənilər isə İranın İsfahan şəhərində yerləşən məktəblərinə qondarma soyqırımı mövzusuna aid xatirə lövhəsi vurublar.
SEPAH-ın baş komandanı general-mayor Hüseyn Salami qeyd edib ki, ölkədə vəziyyət normal deyil.
İranın daxili işlər naziri Əhməd Vahidi isə deyib ki, virtual məkan tamamilə filtrlənəcək.
ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya qüvvələrinin Suriyanın şərqində yerləşən SEPAH-a bağlı silahlı qruplaşmalara hücumu nəticəsində 3 nəfər ölüb, çoxlu sayda qruplaşma üzvü yaralanıb. Hücum Deyr-əz-Zor bölgəsinin şərqində yerləşən əl-Məyadin şəhərində həyata keçirilib.
İranda Xalq İslahat Partiyasının baş katibi və din xadimi Məhəmməd Zare Fuməni 12 il müddətinə azadlıqdan məhrum edilib. Xüsusi Ruhani Məhkəməsi Məhəmməd Zare Fuməninin işinə yenidən baxaraq məhkəmənin çıxardığı ilkin qərarı olduğu kimi qüvvədə saxlayıb.
Səhənd Nurməhəmmədzadənin atası Cəfər Nurməhəmmədzadə mediaya açıqlamasında oğlunun edam hökmünə etiraz olaraq üç gündür aclıq aksiyası keçirdiyini deyib.
İranın Ali Rəhbəri Əli Xameneinin bacısı oğlu Mahmud Muradxani deyib ki, dayısının başçılıq etdiyi rejim 40 ildən çoxdur demokratiya, insan haqları və qadın hüquqlarına qarşı çıxır: “İran rəhbərinin ölümü ilə hakim sistem dağılacaq. Hakimiyyət daxilində də Xameneinin siyasəti ilə razılaşmayan şəxslər var, ancaq onların fikirlərini ifadə etmək imkanları yoxdur”.
Britaniya parlamentinin Leyboristlər Partiyasından olan üzvü Stiv Makkeyb ölkəsinin xarici işlər nazirinə yazdığı məktubda hökumətdən sanksiyaları gücləndirməklə yanaşı, İranın Londondakı müvəqqəti işlər vəkilini ölkədən qovmağı və Britaniya-İran münasibətlərinin səviyyəsini azaltmağı istəyib.
BMT-dən isə bildirilib ki, “İran qadınlara zülm edir və onların hüquqlarını pozur”. BMT İranı gender bərabərliyinin təşviqinə və qadınların səlahiyyətlərinin artırılmasına həsr olunmuş Qadınların Statusu Komissiyasından çıxarır.
Beynəlxalq Amnistiya Təşkilatı İranda həbs edilən ən azı 26 etirazçının edam təhlükəsi ilə üzləşdiyini açıqlayıb.
Hollandiya hökuməti İranda əsas hüquq və azadlıqların davamlı şəkildə pozulduğunu pisləmək üçün İran səfirini Xarici İşlər Nazirliyinə çağırıb.
İtaliyanın xarici işlər naziri də parlamentdə çıxışı zamanı İran səfirinin etimadnaməsini dövlət başçısına təhvil verməsindən dərhal sonra XİN-ə çağrılacağını bildirib.
Almaniya parlamentinin üzvü Martin Dienhofen İranın Almaniyadakı səfirinə məktub göndərərək, edam təhlükəsi ilə üzləşən etirazçılardan olan Məhəmməd Bruğəninin cəzasının dərhal ləğvini tələb edib.
Kopenhagendə yaşayan iranlılar ölkələrindəki etirazlara dəstək məqsədilə aksiya keçiriblər.
“İ24 news”-dan verilən məlumatda insan haqları qruplarının paylaşdığı görüntülərdə Mahsa Əmininin ölümü ilə başlayan etirazların dördüncü ayı və İranın cənub-şərqində cümə günü yüzlərlə insan yenidən küçələrə çıxıb. Osloda yerləşən İran İnsan Haqları Təşkilatının (IHR) paylaşdığı videoya görə, Sistan-Bəlucistan əyalətinin paytaxtı Zahedanda etirazçılar Əli Xamneini hədəf alaraq “diktatora ölüm” şüarları səsləndiriblər. İranda üstünlük təşkil edən şiəliyi deyil, sünniliyi qəbul edən vilayətin bəluci azlığı uzun müddətdir ki, ayrı-seçkilikdən şikayətlənib. Analitiklər deyirlər ki, bəluclar Əmininin ölümü ilə bağlı alovlanan etirazlardan ilhamlanıb, əvvəlcə qadın hüquqları ilə bağlı idisə də, genişlənərək başqa şikayətləri də əhatə edib.
“Al-arabiya news”dan verilən məqalədə Almaniyadakı iranlı qaçqınların sayının xeyli artması qeyd olunub. İran rəhbərliyinin rejimi tənqid edənlərə qarşı vəhşicəsinə repressiyaları etirazçılardan getdikcə daha çoxunu qaçmağa sövq edir. Bu ilin sentyabrında Miqrasiya və Qaçqınlar üzrə Federal İdarənin məlumatına görə, 613 iranlı sığınacaq üçün müraciət edib, oktyabrda bu rəqəm 892, noyabrda isə 1039 iranlı olub.
“Bloomberg“ xəbər saytına əsasən, iğtişaşlar İranın güc strukturunda çatlar yaratmağa başlayıb. Müəllif iddia edir ki, rejim dəyişikliyi baş verdiyi təqdirdə, demokratik İran ABŞ üçün yaxşı müttəfiq ola bilər. Belə ki, İranın böyük əhalisi, strateji geosiyasi mövqeyi, zəngin təbii ehtiyatları, geniş tarixi və mədəniyyəti, ərəb ölkələrindən fərqli olaraq təbii sərhədləri və bütün bunlara görə də, böyük siyasi və iqtisadi potensialı var. Lakin “molla rejimi” İranın bu potensialına mane olur. Müəllif, həmçinin qeyd edir ki, sonuncu iğtişaşlar bundan əvvəlkilərdən daha innovativ vasitələrlə həyata keçirildi və tək bir lideri olmadan davam edir. Demokratik yöndə rejim dəyişikliyi Berlin divarının dağılmasına bənzədilir. Bu dəyişiklik nəinki ABŞ, hətta monarxiya ilə idarə olunan ərəb ölkələri tərəfindən də müsbət qarşılana bilər. Nəticədə, yeni İran Orta Şərq üçün nisbi sülh vəd edir. Digər tərəfdən, müəllif hesab edir ki, demokratik İran əvvəlcə Qərblə sıx münasibətlər qursa da, daha sonra avtoritar Çinlə yaxınlaşacaq. Sonda qeyd edilir ki, etirazlar üçün digər ssenarilər də mövcuddur. Bunlardan biri idarəetmənin İslam İnqilabı Keşikçiləri Korpusuna keçməsi, digəri isə etnik azlıqlara (azərbaycanlılar, kürdlər və s.) muxtariyyət verilməsidir.
İsrail NATO-ya İranın pilotsuz təyyarələri, o cümlədən “Şahid 136” haqqında ətraflı məlumat verib”.
İsrailin “Jewish News Syndicate” informasiya və analitik saytı yazır ki, sanksiya altında olan İranın Mahan Air aviaşirkəti ilk növbədə Suriya və Livana əhəmiyyətli miqdarda silah daşımaqda SEPAH üçün əsas cəbhə rolunu oynayır.
İsrailin Knesset seçkilərində qalib gələn koalisiyanın rəhbəri Benyamin Netanyahu vurğulayıb ki, onlar İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bütün lazımi addımları atacaqlar.
“The Hill” yazır ki, Bayden hökuməti 1979-cu ildə İranda baş tutan çevriliş zamanı Tehrandakı ABŞ səfirliyində əsir götürülən ABŞ vətəndaşlarını “Konqresin Qızıl Medalı” ilə mükafatlandıra bilər.
“AP News” xəbər agentliyinə əsasən, ABŞ-nin Nyu-York şəhərində İranın müxalifətçi fəallarından olan Məsih Əlinecada qarşı uğursuz oğurlama cəhdi baş tutub, cinayətkar yaxalanıb. Qeyd olunur ki, sözügedən fəala qarşı ötən il iranlı kəşfiyyatçılar tərəfindən daha bir sui-qəsd cəhdi də baş tutub.
“Amnesty İnternational” təşkilatının Birləşmiş Krallıq bölməsindən bildirilib ki, İran hakimiyyətinin etirazçılardan amansız şəkildə intiqam almasına son qoyulmalıdır: “Ən azı daha 20 nəfər bu təhlükə ilə üz-üzədir. İranın Birləşmiş Krallıqdakı səfirliyindən İranı bütün etirazçılara qarşı hökmləri və ölüm hökmlərini dərhal ləğv etməyə çağırmağı tələb edirik”.
Jurnalist Omid Memarian deyib ki, İranda yaralı etirazçılara kömək edən həkim Aida Rostami dekabrın 12-də xəstəxanadan çıxıb və bir daha geri qayıtmayıb. Ertəsi gün polis ailəsinə onun qəza keçirdiyini deyib. Jurnalist BMT İnsan Hüquqları Şurasını bu mövzunu araşdırmağa çağırıb.
“Human Rights Watch” təşkilatından isə bildirilib ki, İran qeyri-müəyyən ittihamlarla və ədalətsiz məhkəmələrlə etiraz aksiyaları ilə əlaqədar olaraq həbs olunan iki nəfəri edam edib: “İran ölüm hökmlərini ləğv etməli və qorxu yaymaq məqsədi daşıyan bu biabırçı məhkəmələrə son qoymalıdır”.
“Deyin! Sadəcə deyin ki, İran Güney Azərbaycanda, yəni İran kimi tanınan yerdə azərbaycanlıları qətlə yetirir”, – amerikalı təhlilçi Hamdi Rifai qeyd edib.