Temperatur enəcək, hava küləkli və yağıntılı olacaq
Sinoptiklər ölkə ərazisində hava şəraitinin dəyişəcəyi ilə əlaqədar xəbərdarlıq ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 4-dən 5-i axşamadək cənub-qərb küləyinin əsəcəyi, güclü şimal-qərb küləyi ilə əvəzlənəcəyi, temperaturun 3-5° enəcəyi proqnozlaşdırılır.
Respublikanın rayonlarında isə dekabrın 4-ü axşamdan 6-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı bildirilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu dekabrın 5-də 3-5° enəcək.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, dekabrın 4-də Abşeron yarımadasında arabir güclənən cənub-qərb küləyinin axşam şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.
