“Terrorçuların atasını, qardaşını, əmisini qan davası ilə öldürəcəyik” –Ramzan Kadırov hədələdi

Dağıstanda baş verən terror aktlarından sonra Ramzan Kadırov Çeçenistan təhlükəsizlik qüvvələrini vəhhabilikdə şübhəli bilinən şəxslərin yaxınlarını sərt cəzalandırmağa çağırıb.

Azpost.info bildirir ki, bu barədə Çeçenistan rəhbəri respublikanın təhlükəsizlik və hüquq-mühafizə orqanlarının nümayəndələri ilə görüşündə bəyan edib.

“Meduza” portalı xəbər verir ki, Ramzan Kadırov görüşdə “vəhhabilik”də şübhəli bilinən çeçenlərin qohumlarını öldürməklə hədələyib.

İyunun 25-də baş tutan görüşdən video həmin gün Kadırovun Telegram kanalında yayımlanıb. Respublika başçısının bəyanatları “Qafqaz. Reallıq”.nəşri tərcümə edərək yayıb.

Kadırov bunları deyib: Əgər şübhəlilər şeytanlarla əlaqədədirsə, onun bütün ailəsi cəzalandırılmalıdır. Bu ailə bilməlidir ki, bütün məsuliyyət onların üzərinə düşür… Kim öz qardaşını qoruyacaqsa başa düşməlidir ki, qan davası ilə hamını öldürəcəyik – ata, qardaş, əmi… Çeçen xalqına müraciət edirəm – övladlarınızın nə işlə məşğul olduğunuöyrənin. Vəhhabiliyin əlamətlərini hamınız bilirsiniz. Görsəniz dərhal yerli polisə məlumat verin. Səni də, oğlunu da, qardaşını da sonradan öldürməkdənsə, onun qarşısını vaxtında alsaq”.

Öz növbəsində, Çeçenistanın “Seqodnya” dövlət agentliyi bildirib ki, Kadırov hüquq-mühafizə orqanının əməkdaşını öldürməyə cəhd edən şəxsin qohumlarını qanun çərçivəsindəsərt  şəkildə cəzalandırmaqla hədələyib. Agentlik qan davasından bəhs etməyib.

Videodan sonra Çeçenistan rəhbərinin teleqramında dərc olunmuş yazısında bildirilir ki, görüşdə digər məsələlərlə yanaşı, terror cinayətlərinin qarşısının alınması üzrə işin gücləndirilməsi məsələləri müzakirə edilib.

Kadırov  hüquq-mühafizə orqanlarının rəhbərliyinə ictimai təhlükəsizliyin təmin edilməsi və terrorizmin qarşısının alınması istiqamətində işi gücləndirmək haqqında göstəriş verib.

“Hüquq-mühafizə orqanlarının əməkdaşlarına və dövlət qurumlarına hər hansı hücumun qarşısı alınacaq. Nəinki cinayəti törədənlər, hətta bu işdə onlara dolayısı ilə köməklik edənlər də qanun çərçivəsində maksimum cəza alacaqlar. Mən həmçinin hər bir çeçeni terror ideologiyasının zərərli təsirindən qorumaq üçün ən yaxın qohumlarına qarşı xüsusilə diqqətli olmağa çağırmışam”, – Kadırov qeyd edib.

Çeçenistan müxalifətinin 1ADAT teleqram kanalı iddia edir ki, iyunun 24-dən etibarən Çeçenistanda Dağıstandakı terror aktları ilə bağlı reydlər keçirilir. Digər mənbələr bu barədə məlumat verməyib.

Əvvəlki məqalə

“İrəvan sülh sazişi ilə bağlı prosesi bir aya tam başa çatdırmağa hazırdır”

Sonrakı məqalə

Küləkli hava ilə bağlı sarı xəbərdarlıq elan edilib