Komandasının bazar ertəsi bildirdiyinə görə, Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya sentyabrın 4-də BMT-nin Təhlükəsizlik Şurası qarşısında çıxış edəcək.
Təhlükəsizliyi səbəbindən hazırda Litvada olan Tixanovskaya virtual olaraq çıxış etməyə BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü olmayan Estoniya tərəfindən dəvət edilib.
Bu arada, Baltikyanı ölkələr mübahisəli seçkilərdən sonra istefaya çağırışları ilə etiraz aksiyalarının davam etdiyi bir vaxt uzun müddətdir prezident olan Aleksandr Lukaşenko da daxil olmaqla, Belarus liderlərinə qarşı səyahət sanksiyaları tətbiq edib.
“Rejimlə cəmiyyət arasında sülh dialoquna və razılığa ehtiyac var, lakin biz rejimin buna hazır olmadığını görürük”, Litva prezidenti Gitanas Nauseda avqustun 31-də sanksiyalar barədə açıqlama verərkən deyib.
Etirazlar avqustun əvvəlində, seçkilərin saxtalaşdırıldığına dair geniş yayılmış iddialar fonunda iyirmi ildən çox bir müddətdir hakimiyyətdə olan Lukaşenkonun qalib elan edilməsindən sonra başlayıb.
Tixanovskaya seçkilərin nəticələrini qəbul etməyib.
Prezidentin 66 yaşı tamam olduğu bazar günü Belarusun paytaxtı Minskdə on minlərlə insan etiraz aksiyasına çıxıb. Müxalifətin simvoluna çevrilən qırmızı və ağ bayraqlar daşıyan etirazçılar Lukaşenkonun iqamətgahı qarşısında qalxanlı, həbs edilənlər üçün mikroavtobuslar və su şırnağı ilə təchiz edilmiş təhlükəsizlik qüvvələri ilə üzləşib.
Daxili İşlər Nazirliyi azı 140 nümayişçinin həbs edildiyini bildirsə də, izdihamın axşam saatlarında dinc şəkildə dağıldığı haqda məlumatlar verilib.
Avqust ayının əvvəlində Lukaşenko nümayişçilərin sərt repressiyalarla üzləşəcəyini deyərək, onları xaric tərəfindən idarə olunan “qoyun” adlandırmışdı.