“Tofiq Quliyevin heykəlinin açılışında abidənin müəllifinin adı niyə çəkilmədi?” –Sənətşünasdan ETİRAZ

“Fevral ayının 8-də görkəmli bəstəkar Tofiq Quliyevin Bakıda abidəsinin açılışı olub. Ölkə Prezidentinin də iştirak etdiyi açılışda bir neçə nəfər çıxış edib, musiqiçi ilə bağlı xatirələrini bölüşüb, bəstəkarın xatirəsinə göstərilən ehtirama görə təşəkkürlərini bildiriblər. Amma çıxışçılardan biri də heykəl müəllifinin adını belə çəkməyib. Niyə və nə üçün? Suallarına cavab tapmaq da olmur”.
Azpost.info bildirir ki, bu sözləri  sənətşünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev bildirib.
Onun sözlərinə görə, əgər heykəlin kürsüsündə onun yaradıcısının adı yazılsaydı, buna bəlkə də heç ehtiyac qalmazdı. “Təəssüf ki, dəfələrlə deyilməsinə baxmayaraq abidələrin üzərində onun yaradıcılarının adı yazılmır. Qənaətimizcə, indiki halda əgər abidənin müəllifi tanınmış tişə ustası olsaydı, mütləq və həmişə olduğu ünvanına doyunca təriflər söylənərdi. Amma ilk dəfədir ki, paytaxtda çoxlarının tanımadığı – 34 yaşlı müəllifin ərsəyə gətirdiyi heykəl ucaldılmışdır. Tural Rzaquliyev adlı bu gənci dəstəkləmək və ona yeni-yeni uğurlar arzulamaq əvəzinə, onun abidənin açılışında iştirak etməsinə baxmayaraq ona söz vermək bir yana dursun, heç adını belə çəkmək qənaətimizcə, yaxşı hal deyil”.
Tural Rzaquliyev həm Azərbaycan, həm də xarici ölkələrdə monumental heykəltəraşlıq nümunələrinin müəllifidir.
1979-cu ildə Azərbaycanın Bakı şəhərində anadan olub. 1996-cı ildə A. Ələkbərov adına Respublika İncəsənət Gimnaziyasını bitirib, 2000-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Heykəltəraşlıq” fakültəsini, 2002-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının magistr pilləsini bitirib.
Rəssam və heykəltəraş Tural Rzaquliyev 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
“Gənclər və incəsənət” adlanan gənc rəssamların sərgisində, 2001-ci ildə Mədəniyyət Nazirliyin Fəxri fərmanını alıb. 2002-ci ildə rəssamlıq sənəti sahəsində qazandığı uğurlara görə Gənclər mükafatına layıq görülüb. 1999-cu ildən “QGallery” qalereyası ilə əməkdaşlıq edir. 2008-ci ildə Bakıda Muğam teatrının açılışı olub və Turala Rzaquliyevə teatrın foyesində yerləşən 30 büstlərdan ikisi məxsusdur.
Əsərlər Fransada, Almaniyada, İtaliyada, İspaniyada və digər ölkələrdə saxlanır.
Əvvəlki məqalə

Əmək pensiyaları indeksləşdiriləcək –

Sonrakı məqalə

“Türkiyə, səninləyik!” –