Tofiq Zülfüqarovdan Ermənistanla bağlı açıqlama –“İsterikanın arxasında bunlar dayanır”

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistanın Azərbaycana qarşı siyasəti və azərbaycanlıların öz doğma yurdlarına qayıdışı məsələsi ilə bağlı açıqlama verib.

Azpost.info bildirir ki, diplomat son günlər bu mövzuda etdiyi paylaşımlardan sonra hadisə ilə bağlı qiymətləndirmələrini və ilkin nəticələrini bölüşüb.

Tofiq Zülfüqarov bildirib ki, Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzünü yalnız ərazilərin işğalı ilə məhdudlaşdırmaq olmaz.

“Ərazilərimizin silahlı işğalı Ermənistanın dövlət, hətta mən deyərdim, milli siyasətinin yalnız bir hissəsidir”, – deyə sabiq nazir qeyd edib.

Onun sözlərinə görə, qonşu ölkənin ərazisini ələ keçirmək üçün əvvəlcə cəmiyyətin şüurunda müəyyən tarixi, ideoloji və mənəvi narrativlər formalaşdırılmalıdır.

“Orduya gələn 18 yaşlı bir gənc cinayət xarakterli əmrləri heç bir şübhə və mənəvi tərəddüd keçirmədən yerinə yetirsin” deyə bu prosesin mahiyyətini izah edən Zülfüqarov Ermənistan cəmiyyətində uzun illər ərzində belə yanaşmaların formalaşdırıldığını bildirib.

“Revanş tərəfdarları isterik şəkildə etiraz edir”

Sabiq XİN rəhbəri hesab edir ki, Azərbaycan işğal siyasətinin yaratdığı strukturları ardıcıl şəkildə dağıtdıqca, revanş tərəfdarlarının reaksiyası daha da sərtləşir. “Azərbaycan bu strukturları ardıcıl şəkildə dağıtdıqda, revanşın bütün gizli və açıq tərəfdarları isterik şəkildə etiraz etməyə başlayırlar. Bunu Ermənistan mediasında, o cümlədən hakimiyyətə yaxın mediada da görürük”, – deyə o yazıb.

Zülfüqarovun fikrincə, bundan belə nəticəyə gəlmək olar ki, Ermənistan hakimiyyəti sülh gündəliyinə sadiq olduğunu bəyan etsə də, Azərbaycana qarşı əvvəlki təcavüz və ilhaq siyasətinin müəyyən “atavizmlərini” qoruyub saxlamağa çalışır.

Sabiq nazir Ermənistanla bağlı 6 məqamı sadaladı

Tofiq Zülfüqarov bu fikrini əsaslandırmaq üçün bir sıra məqamları sadalayıb.

Onun qeyd etdiyi ilk məsələ azərbaycanlı məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz qayıdışı ilə bağlıdır. Sabiq nazir Ermənistanı minalanmış ərazilərin xəritələrini gizlətməklə qayıdış prosesinə maneələr yaratmaqda ittiham edib.

İkinci məqam kimi Ermənistanın ilhaq siyasətini təmin etdiyini düşündüyü hüquqi müddəaları göstərib. O, bu kontekstdə Ermənistanın Müstəqillik Bəyannaməsi, Konstitusiyası və digər hüquqi aktlarını qeyd edib.

Üçüncü istiqamət tarixi, ideoloji və mənəvi konsepsiyalarla bağlıdır. T.Zülfüqarov Ermənistan cəmiyyətində “özünü ucaldan və qarşı tərəfi insanlıqdan çıxaran” yanaşmaların formalaşdırıldığını iddia edib.

Dördüncü məsələ iqtisadi qarşıdurmadır. Sabiq XİN naziri Naxçıvanın blokadadan çıxarılması istiqamətindəki cəhdlərə faktiki maneələrin yaradıldığını bildirib.

Beşinci istiqamət kimi Ermənistanın münaqişənin başlanmasına, silahlı təcavüzə və azərbaycanlı əhaliyə qarşı etnik təmizləməyə görə siyasi məsuliyyəti tanımaqdan yayınmasını göstərib. O, həmçinin hərbi və insanlıq əleyhinə cinayətlərə görə məsuliyyətin qəbul edilmədiyini bildirib.

Altıncı məqam isə müharibə zamanı törədilmiş cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin cəzadan yayınmaq cəhdlərinə yardım göstərilməsi ilə bağlıdır.

“İsterikanın arxasında bunlar dayanır”

Tofiq Zülfüqarov son olaraq Ermənistan mediasında diplomatik korpus nümayəndələrinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri ilə bağlı yaranan reaksiyaya toxunub.

“Otuz illik erməni işğalından azad edilmiş ölkəmizin ərazilərinə diplomatik korpus nümayəndələrinin ənənəvi olaraq hər il təkrarlanan səfəri ilə bağlı yaradılan isterikanın arxasında məhz bunlar dayanır”, – deyə sabiq nazir bildirib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.