Tovuzda dağlıq ərazidə yanğın başlayıb –

Qəbələdəki yanğın davam edir
12 Avqust 2021 - 12:17

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə, Tovuz rayonu, Yanıqlı kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.

Nazirlikdən bildirilib ki, məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir. İlkin məlumata əsasən, təqribən 2 ha sahədə kol-kos yanır.

Dünən Qəbələdə mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın hazırda 3 istiqamətdə – Abrıx, Solqucar, Damnıx kəndlərinin yüksək dağlıq ərazisindəki meşə sahəsində davam edir.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qrumunun rəsmisi Akif Məmmədov bildirib.

O qeyd edib ki, yanğının söndürülməsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bütün yerli qurumlarının əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin regional yanğından mühafizə xidmətlərinin yanğınsöndürənləri və 1 helikopteri, rayon icra hakimiyyətinin nümayəndələri, yerli kənd camaatı cəlb olunub.

“Yanğın mürəkkəb relyefli dağlıq ərazidə yerləşdiyi üçün ora yanğınsöndürən avtomobillər çıxa bilmədiyindən alovun qarşısını əl əməyi ilə almağa çalışırıq”, – deyə Akif Məmmədov bildirib.