Tramp Baydenlə bağlı Putinə müraciət etdi
“Co Baydenin oğlu Hanter Baydenin Şərqi Avropadakı oliqarxlarla münasibətlərinə dair əlinizdə olan hər hansı məlumatı açıqlayın”.
Azpost.info xəbər verir ki, bu xahişlə ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinə müraciət edib.
“Just the News” nəşrinə müsahibəsində Tramp diqqəti Senatın gənc Baydeni Rusiyanın ən zəngin qadını Yelena Baturina ilə əlaqələndirən 2020-ci il hesabatına çəkib.
O, Rusiya prezidentini bildiklərini deməyə çağırıb: “Baturina ona 3,5 milyon dollar verib. Düşünürəm ki, Putin bu sualın cavabını bilir və bunu səsləndirməlidir”.
Tramp əlavə edib ki, Hanter Baydenin ukraynalı oliqarx, “Burisma” holdinqin rəhbəri Nikolay Zloçevski ilə münasibətləri haqqında daha çox bilmək istərdi.
2020-ci ildə ABŞ senatorları Ron Conson və Çak Qrassli Hanter Baydenin keçmiş Moskva meri Yuri Lujkovun dul xanımı Yelena Baturinadan pul almaqda şübhəli olduğunu bildiriblər. Baturinanın H.Baydenin həmtəsisçisi olduğu “Rosemont Seneca Thornton LLC” şirkətinin hesabına 3,5 milyon dollar köçürdüyü deyilib. İddialara görə, Hanterə pul göndərənlər arasında Çin Kommunist Partiyası ilə əlaqəli şəxslər də olub.
Azpost.info
