ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinlə görüşündə süni intellektin əsas müzakirə mövzularından biri olacağını açıqlayıb.
Tramp bu barədə Truth Social hesabında paylaşım edib. O, süni intellekt əvəzinə son günlər istifadə etdiyi “Super Intelligence” (Superintellekt) ifadəsini işlədib.
“Çin Prezidenti Si Cinpinlə vacib bir gündür. Superintellekt müzakirələrin əsas mövzularından biri olacaq. Amma mən hər şeyi olduğu kimi saxlamaq istərdim. Çinin mövqeyi də belədir. Yeganə məhdudlaşdırıcı amil Ədliyyə Nazirliyidir”, – Tramp yazıb.
Trampın açıqlaması ABŞ və Çinin süni intellekt sahəsində həm rəqabət apardığı, həm də mümkün təhlükələrin qarşısını almaq üçün dialoq yolları axtardığı bir vaxtda səslənib.
ABŞ Maliyyə naziri Skott Bessent daha əvvəl iki ölkənin süni intellekt üzrə xüsusi dialoq mexanizmi yaratmaq və milli təhlükəsizliyə təsir edə biləcək ciddi AI hadisələri barədə bir-birini məlumatlandırmaq imkanını müzakirə etdiyini açıqlamışdı.
Tramp isə son günlər süni intellektin daha sərt beynəlxalq qaydalarla tənzimlənməsinə qarşı çıxış edib. O, BMT Baş Assambleyasındakı çıxışında AI üzərində qlobal nəzarət təşəbbüslərini rədd edib və ABŞ-ın bu sahədə Çindən öndə olduğunu bildirib.
Beləliklə, Tramp–Si görüşündə süni intellektlə bağlı əsas məsələlərdən birinin texnologiyanın inkişafının sürəti ilə onun təhlükəsizliyi arasında balansın necə qurulacağı olacağı gözlənilir. ABŞ və Çin eyni zamanda AI-nin iqtisadi və hərbi üstünlük baxımından strateji əhəmiyyətini nəzərə alırlar