ABŞ prezidenti Donald Tramp ötən ilin may ayında İranın nüvə sazişində Vaşinqtonun iştirakına xitam verdikdən, İrana qarşı sanksiya rejimini yenidən bərpa etdikdən sonra İslam Respublikasının ÜDM həcmi xeyli azalıb.
İqtisadiyyat iflas həddində olmasa da, zaman İranın xeyrinə işləmir. Amerika siyasətindəki qarışıqlıq və qarşıdan gələn prezident seçkiləri fonunda İran liderlərini çətin tapşırıq gözləyir: düşmən mövqe sərgiləsə də, gurultulu qələbəyə ehtiyacı olan Tramp administrasiyası ilə qarşılıqlı fəaliyyət göstərmək lazımdırmı və bunu necə etməli? Bu barədə Cavad Salehi-İsfanahi (Djavad Salehi-Isfahani) “Project Syndicate”-də yazır.
Onlar düşünürlər ki, danışıqlar masasına qayıtmadan öncə 2020-ci il prezident seçkilərinin başa çatmasını gözləmək lazımdır. Belə olduğu təqdirdə, ehtimal var ki, demokratlardan ibarət sabit fikirli administrasiya masa arxasına əyləşə bilər.
Əgər Tramp qələbə qazansa, onun mövqeyi əhəmiyyətli dərəcədə güclənəcək. Bu da prezidentin güzəştə getmək hazırlığını zəiflədəcək. Belə ki, Tramp hiss olunacaq xarici siyasi qələbə, ya da daha da vacibi belə bir qələbə görüntüsü əldə etmək istəyir.
Məqalədə deyilir ki, İran iqtisadiyyatının hazırkı vəziyyətini qiymətləndirmək çox çətindir. Təkrar sanksiyalardan sonra ümumi ÜDM itkisi 5%-15% arasında dəyişir. Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozuna əsasən, bu il ölkə iqtisadiyyatı 9,5% zəifləyəcək.
İran hökuməti belə bir fonda uzunmüddətli iqtisadi artım perspektivləri və iqtisadi inkişaf strategiyası ilə bağlı sərt debatlara başlayıb. Bir tərəfdə Ali dini lider, ayətullah Əli Xameneinin (Ali Khamenei) başçılığı altında sərt siyasət tərəfdarları dayanır. Dini lider iqtisadiyyatı elə dəyişmək istəyir ki, o, beynəlxalq təcridə daha yaxşı tab gətirə bilsin. Sərt siyasət tərəfdarları qeyd edir ki, iqtisadiyyat artıq yaxşılaşmağa doğru gedir, hərçənd neft ixracında belə bir hal müşahidə edilmir.
Lakin prezident Həsən Ruhani (Hassan Rouhani) və texnokratların üstünlük təşkil etdiyi islahatçı hökumət iqtisadiyyatda dövlət dominantlığının məhdudlaşdırılması və onun xarici dünyaya açılması ilə bağlı 30 ildir davam etdirilən tədbirlərin ləğvində maraqlı deyil.
Texnokratlar və neoliberallar iddia edirlər ki, İran iqtisadiyyatının bərpası müvəqqəti xarakter daşıyır. Hökumət neft gəlirləri azaldığı üçün büdcədə meydana çıxan boşluqları doldurmaq məqsədilə pul çap etmək məcburiyyətindədir, ona görə rial gec-tez ciddi inflyasiya təzyiqinə məruz qalacaq.
İstənilən halda, islahatçı düşərgə sübut edir ki, mövcud sanksiya rejimində məşğulluq səviyyəsindəki artım çətin ki, bir-iki ildən çox çəksin. Bu da xarici investisiyaları zəiflədir və İranın lazımi texnologiyalara çıxışının qarşısını alır.
Hələlik İran onu təkbaşına buraxan beynəlxalq ictimaiyyətə cavab olaraq uranın zənginləşdirilməsi üzrə fəaliyyətini genişlədib. İran sanksiya cəzasına layiq deyil, çünki nüvə sazişinin şərtlərini pozmayıb.
Çətin seçim etməli olan yeganə ölkə İran deyil. Qərb liderləri də qərar verməlidir: İranın uranın zənginləşdirilməsi ilə bağlı fəaliyyətinə hansı yolla cavab vermək lazımdır? Sərt sanksiya rejimi İrana ciddi çətinliklər yaşada bilər, amma bu rejimin effektivliyi məhdud xarakter daşıyır. Üstəlik, sanksiyalar sərt siyasət tərəfdarlarının mövqeyini gücləndirir, islahatçıların mövqeyini isə zəiflədir. Bu cür dinamika sanksiyaların aradan qaldırması gərəkən riskləri daha da dərinləşdirir. (Xpressa)