ABŞ prezidenti Trampın rəhbəri olduğu “Sülh Şurası”nın nümayəndələri Dubayda yerləşən dövlət şirkəti DP World ilə Qəzzada təchizat zəncirləri, anbar logistikası və yük izləmə sistemlərinin idarə olunması üçün mümkün tərəfdaşlıq barədə danışıqlar aparıblar.
Azpost.info bildirir ki, bu barədə Financial Times qəzeti vəziyyətlə tanış olan üç mənbəyə istinadən məlumat verib.
Müzakirə olunan ideyalar arasında Qəzzada və ya Misir sahillərində yeni bir limanın tikintisi, eləcə də zolaqda azad ticarət zonasının yaradılması da var. FT nəşri tərəfindən nəzərdən keçirilən layihə konsepsiyasına görə, plan “təhlükəsiz və izlənilə bilən təchizat zənciri sistemi” və “liman iqtisadi ekosistemi”nin yaradılmasını nəzərdə tutur.
Mənbələrə görə, danışıqlar ötən ilin sonlarında başlayıb. DP World nümayəndəsi danışıqlardan xəbərsiz olduğunu bildirib.
Təşəbbüs ABŞ-ın Fələstin ərazisində infrastruktur və xidmətləri özəlləşdirmək üçün iddialı, lakin geniş tənqid olunan planlarına uyğundur. Qəzza zolağındakı humanitar vəziyyət kritik olaraq qalır: İsrail mal axınını məhdudlaşdırmağa davam edir və yenidənqurma hələ başlamayıb. AB, BMT və Dünya Bankının birgə hesablamalarına görə, Qəzzanın yenidən qurulması on il ərzində 71,4 milyard dollar tələb edəcək.