“Turizm subyektlərinin reytinq cədvəli hazırlanacaq”

- Nazirlər Kabineti
27 Yanvar 2020 - 15:04

Nazirlər Kabineti “Turizm Reyestrinin aparılma Qaydası”nın təsdiq edilməsi barədə qərarı şərh edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, turizm sahəsinin resursları və subyektləri haqqında müfəssəl məlumatların əldə etməsi, həmin məlumatlara çıxış imkanlarının müəyyənləşdirilməsi, həmçinin yeni turizm məhsullarının hazırlanması, habelə əsaslı turizm siyasətinin formalaşdırılması üçün “Turizm reyestrinin aparılma Qaydası” zəruridir.

Turizm Reyestri turizm şirkətləri üçün onların bazar strategiyalarının müəyyənləşdirilməsi baxımından olduqca əhəmiyyətlidir. Turizm Reyestri bazar subyektləri, turizm resursları, turizm məhsulları barədə açıq məlumatları özündə ehitva edəcək, turizm ehtiyatları modulu, turizm məhsulları modulu, turizm sənayesi subyektləri modulu, turizm statistika modulunda ölkədə mövcud olan mədəni, təbiət və digər turizm resursları təqdim ediləcək.