“Türkiyə artıq saxta “erməni soyqırımı” iddialarından bezib” –

Ərdoğan
02 İyun 2021 - 08:28

“Türkiyə-Amerika əlaqələri niyə belə gərgindir? Əlbəttə, cənab Baydenlə görüşümüzdə biz bunun səbəbini soruşacağıq”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT-yə özəl müsahibəsində bildirib.

Türkiyə Prezidenti deyib ki, NATO Sammitində ABŞ Prezidenti Co Baydenlə görüşərkən bu mövzu ilə əlaqədar danışıqları olacaq.

R.T.Ərdoğan saxta “erməni soyqırımı” iddialarından, bəhanələrindən Türkiyənin bezdiyini vurğulayıb: “Bezdik artıq. Dəfələrlə dedik, bu məsələni tarixçilərin, antropoloqların, alimlərin ixtiyarına buraxaq, bu siyasətlik məsələ deyil. Ortada hər hansı bir məsələ olmadığı halda, bizi ittiham edirsiniz. İllər keçdi, ABŞ-ın da daxil olduğu Minsk Qrupu Azərbaycan-Ermənistan problemini həll edə bilmədilər. Nəticədə Azərbaycan öz problemini özü həll etdi. Bu tarixi fakta laqeyd qaldığı halda, ortada bir fakt yox ikən siz Türkiyəni necə soyqırımı ilə ittiham edə bilərsiniz? Bu soyqırımı ifadəsini nə Baydendən öncəki demokratlar, nə də respublikaçılar dedi. Yetər artıq. Biz qəsəbə dövləti deyilik, Türkiyəni bir küncə sıxışdırmağa çalışanlar NATO-da güclü müttəfiqlərini itirmiş olacaqlar”.

Prezident deyib ki, bir çox tanınmış amerikalı düşüncə adamları, yazarlar da bu mövzuda ABŞ-ı tənqid edirlər.