Türkiyə BMT iclasında Çinin nümayəndəsinə sərt cavab verib

29 Oktyabr 2021 - 01:46

“Türkiyə beynəlxalq insan haqları qanunlarını pozanların mühazirələrini dinləmək fikrində deyil”.

Türkiyənin ingilisdilli Daily Sabah saytının xəbərinə görə bu bəyanatı öktyabrın 28-də ölkənin BMT-dəki səfiri, Ankaranın Suriyada insan haqlarını pozmasına dair Çinin iddialarını rədd edərkən verib.

Xəbərdə deyilir ki, Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Geng Şuanq Təhlükəsizlik Şurasının Suriyaya həsr edilmiş iclasında Türkiyəni Suriyanın şimalını işğal etməkldə günahlandırıb.

Çin nümayəndəsi habelə Ankaranı Fərat çayında və Aluk su anbarındakı suyun səviyyəsinin düşməsinə görə ittiham edib.

Gengin iddialarına cavab verən səfir Feridun Sinirlioğlu deyib: “Biz beynəlxalq insan haqlarını və humanitar qanunları pozanların mühazirəsini dinləmək fikrində deyilik”.

Aluk su anbarı ilə bağlı məsələ BMT baş katibinin hesabatına daxil edilmişdi.

Su anbarında yaranmış vəziyyəti izah edən Sinirlioğlu deyib ki, Suriya kürdlərinin silahlı YPG birləşmələri və Suriya rejimi bu mövzunu qabardaraq ondan öz məqsədləri üçün sui-istifadə edirlər.

Sinirlioğlu qeyd edib ki, “hazırda həmin bölgədə ən əsas pozucu faktor mülkilərə və Türkiyəyə hücumlar edən PKK/YPG birləşmələridir”.

Səfir əlavə edib ki, iki həftə bundan əvvəl Afrində törədilmiş bomba hücumunda 6 mülki şəxs həlak olub.

Türkiyə səfiri bəyan edib ki, YPG həm də Suriya yezidilərinin və kürdlərinin öz evlərinə qayıtmalarına mane olur.

Daily Sabah yazır ki, BMT-nin ötən həftə verilmiş birgə bəyanatında Türkiyə də daxil 43 ölkə Çinin Sintzyan vilayətində uyğurlara qarşı törədilən insan haqları pozuntularını pisləyib.

Sözü gedən bəyanatda Çinə “qanunun aliliyinə tam riayət etməsi” üçün çağırış edilirdi.