Türkiyə Ombudsmanı ermənilərin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi pozuntulara dair hesabat yayıb

05 Yanvar 2021 - 20:21

Türkiyə Ombudsman institutu Ermənistan-Azərbaycan müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş insan hüquq pozuntularına dair hesabat yayıb.

Ombudsman Aparatından bildirilib ki, Ombudsman Səbinə Əliyevanın dəvəti əsasında İƏT Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçun başçılıq etdiyi nümayəndə heyəti 21-23 oktyabr 2020-ci il tarixlərində ölkəmizdə səfərdə olub, Gəncədə birgə faktaraşdırıcı missiya həyata keçirilib.  Həmin səfər çərçivəsində həyata keçirilmiş müxtəlif görüşlər, yerində araşdırma zamanı toplanmış faktlar əsasında Türkiyənin Ombudsman institutu Ermənistan tərəfindən 44 günlük müharibənin gedişində Azərbaycana qarşı törədilmiş insan hüquq pozuntularına dair hesabat dərc edib. Hesabat müvafiq beynəlxalq təşkilatlara göndərilib.

Hesabat 27 sentyabr-10 noyabr 2020-ci il tarixlərini əhatə edir və Ermənistan silahlı qüvvələri tərəfindən qadağan olunmuş silahlardan istifadə edilməklə mülki şəxslərin hədəfə alınması, nəticədə çoxsaylı insan tələfatının baş verməsinə dair faktların beynəlxalq hüquq baxımından təhlilinə əsaslanır.

Hesabatla buradan tanış ola bilərsiniz.