Türkiyə Suriyanın qırıcı təyyarəsini vurub

04 Mart 2020 - 09:00

Türkiyə çərşənbə axşamı İdlib əyalətində Suriyanın qırıcı təyyarəsini vurub. Bu, iki gündür davam edən qarşıdurmada baş verən üçüncü hadisədir. Hadisələr doqquzillik müharibədə yeni mərhələnin başlanğıcı olaraq qiymətləndirilir.

Türkiyə Müdafiə Nazirliyi Tvitterdə Türkiyə ordusunun Suriya hökumət qüvvələrinə məxsus L-39 döyüş təyyarəsini vurduğunu açıqlayıb. Suriya dövlət televiziyası bildirib ki, Türkiyə qüvvələri qiyamçıların nəzarətində olan İdlib bölgəsində “terrorçu qruplara” qarşı əməliyyat keçirən döyüş təyyarəsini hədəf alıb. Təyyarənin ekipajı ilə bağlı məlumat açıqlanmayıb.

Türkiyə Suriyadakı müxalif döyüşçüləri dəstəkləmək üçün İdlibə minlərlə ordu göndərib, lakin hökumətin qarşısını ala bilməyib.

Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə həftənin sonunda görüşü zamanı Suriyada atəşkəs mövzusunda bir razılaşma əldə edəcəyinə ümid bəslədiyini deyib.

Lakin Rusiyanın dəstəyi ilə ölkənin son üsyançı bölgəsinə hücum hər iki tərəfdə onlarla insanın ölümünə səbəb olan Suriya və Türkiyə orduları arasında getdikcə daha çox qarşıdurmaların baş verməsinə səbəb olub. Bu, Suriya prezidenti Bəşar Əsədin əsas dayağı olan Moskva ilə Türkiyənin əməkdaşlığının bitməsi ilə nəticələnə bilər.

Bazar ertəsi gecə daha bir türk əsgəri öldürülüb və bir nəfər yaralanıb. Türkiyənin Müdafiə Nazirliyi Rusiyanın dəstəklədiyi Suriya qüvvələri ilə toqquşmalarda bu ay itki sayınının 55-ə çatdığını bildirib. Ölənlərə cümə axşamı tək hava hücumunda 33 türk əsgəri də daxildir.(Amerikanın Səsi)