Türkiyədə qəzaya uğramış Rusiya təyyarəsinin bütün ekipaj üzvləri ölüb

14 Avqust 2021 - 18:53

Türkiyənin Kahramanmaraş vilayətində baş verən meşə yanğınına müdaxilə edən Rusiyanın “Be-200” təyyarəsinin bütün ekipaj üzvləri həlak olub.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Qeyd olunur ki, Türkiyənin Rusiyadan icarəyə götürdüyü “Be-200” təyyarəsi Adana şəhəri yaxınlığında enərkən qəzaya uğrayıb. Təyyarənin göyərtəsində səkkiz nəfər ekipaj üzvü olub: beş Rusiya hərbçisi və yanğınların söndürmə mərkəzlərini göstərən üç Türkiyə nümayəndəsi.

Qeyd edək ki, təyyarə Muğla vilayətində yanğınların söndürülməsinə cəlb olunmuşdu. Yanğının söndürülməsinə başlandıqdan sonra təyyarə ilə əlaqə kəsilib, layner su götürdükdən sonra istənilən hündürlüyü yığa bilməyib və qayalara çırpılıb.

Hadisənin səbəblərini öyrənmək üçün Müdafiə Nazirliyinin komissiyası, habelə Rusiya səfirliyinin əməkdaşları qəza yerinə yollanıb.