Türkiyədəki karantin iğtişaşlarına görə Daxili İşlər naziri istefa verdi:

"Əziz millətim məni bağışlasın"
12 Aprel 2020 - 23:03

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu istefa verib.

Bu barədə o, “Twitter” səhifəsində yazıb.

S.Soylu bildirib ki, bu həftə sonu 11, 12 apreldə Türkiyənin 31 şəhərində komendant saatının tətbiq olunması birbaşa onun məsuliyyətidir.

“Ölkədə komendant saatının epidemiyanın qarşısının tamamilə alınması üçün tətbiq edilməsi bütün məsuliyyəti ilə mənə aiddir. Hətta məhdud saatların əvvəlində qeydə alınan görüntülər (iğtişaşlar), mükəmməl idarə olunan bu prosesə uyğun gəlməyib. Komendant saatı vicdanla, həftə sonu epidemiyanın dayandırılması üçün atılan bir addım idi. Heç vaxt zərər vermək istəmədiyim əziz millətim, dövlət başçımız məni bağışlasın. Mən şərəflə icra etdiyim Daxili İşlər Nazirliyinin rəhbəri vəzifəsini tərk edirəm” -deyə Soylu yazıb.

Qeyd edək ki, komendant saatının tətbiqinin 10 apreldə gecə saatlarında böyük təşviş yaradıb və mütəxəssislər həmin ərəfədə xəstəliyin daha çox yayıla biləcəyini elan ediblər.