“Zəlzələdən sonra kirayə qiymətləri 2 dəfə artıb”- Əmlak şirkəti

Türkiyənin bəzi bölgələrində zəlzələdən sonra kirayə qiymətləri iki dəfə artıb.

Azpost.info xəbər verir ki, bu barədə Türkiyənin “Nev Real Estate” daşınmaz əmlak şirkəti məlumat verib.

Məlumata görə, bahalaşma zərər çəkmiş bölgələrin sakinlərinin yeni mənzillər axtarışı ilə bağlı yaranıb. Əsasən zəlzələdən zərər çəkməyən bölgələrdəki kirayə evlərə tələbat artıb.

“Yerli rieltorlar zəlzələdən sonra Türkiyənin bəzi ərazilərində kirayə qiymətlərinin 1,5-2 dəfə artdığını deyirlər. Məsələn, konkret olaraq Alanya və Antalyada bu səviyyədə artım var. Lakin hələ çox az vaxt keçib və ortada ciddi təhlil yoxdur”, – şirkətdən bildiriblər.

Daşınmaz əmlak üzrə mütəxəssislər deyirlər ki, zəlzələdən ümumilikdə 1,5 milyon vətəndaş təsirlənib. Üstəlik rəsmilər minlərlə binanın söküləcəyini bildiriblər. Təxmini hesablamalara görə, hazırda 2 milyonluq əhalinin sığınacağa ehtiyacı yaranıb.

Bunların bir qismi zəlzələ bölgəsində qurulan çadır və konteynerlərdə qalsa da, təxminən 1 milyon insan ətraf əyalətlərə köç edib. Onlar da aktiv şəkildə kirayə mənzil axtarışındadırlar.

Dövlət zəlzələdən zərər görənlərə aylıq kirayə yardımı ayırır. Vətəndaşlar da bunu dəyərləndirib kirayə mənzillər tutmağa çalışırlar. Hazırda istər ətraf əyalətlərdə, istərsə də Konya, Ankara, İstanbul kimi böyük şəhərlərdə kirayə evlərin tapılmasında ciddi problemlər yaşanır.

Azpost.info

Əvvəlki məqalə

İlham Əliyev Bolqarıstan Prezidentini təbrik edib

Sonrakı məqalə

Ramazan ayı nə vaxt başlayır?