Türkiyədə 2,4 min illik sirli məzar tapıldı –Qəbirdən görün nələr çıxdı? / FOTO

Türkiyənin cənubunda yerləşən qədim Aspendos şəhərinin yaxınlığında arxeoloqlar 2,4 min ildən çox əvvəl peşəkar güləşçi olmuş ola biləcək şəxsin məzarını aşkar ediblər. Bu barədə “Live Science” məlumat yayıb.

Məzar şəhərdən kənarda yerləşən qəbiristanlıqlardan birində tapılıb. Qalıqlar daş lövhələrdən hazırlanmış sarkofaqda aşkarlanıb. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, dəfn mərasimi e.ə. 475–300-cü illər arasına aiddir.

Qəbirdə güləşçilərin təsviri olan pullar tapılıb

Dəfn edilən şəxsin idmanla əlaqəsinə dair ehtimalları gücləndirən əsas tapıntılardan biri güləşçilərin təsvir olunduğu gümüş sikkələrdir. Qəbirdə başqa artefaktlar da aşkar edilib.

Lakin arxeoloqlar hələlik dəfn olunan şəxsin həqiqətən güləşlə məşğul olduğunu təsdiqləyə bilmirlər.

Qazıntılarda iştirak etməyən Ayova Universitetinin tarixçisi Sara Bond bildirib ki, yalnız sikkələr belə bir nəticəyə gəlmək üçün kifayət deyil. Onun sözlərinə görə, iki güləşçinin təsvir edildiyi sikkələr Aspendosda geniş yayılıb və şəhərin bütün əhalisi tərəfindən istifadə olunub.

Mərhumun idmançı keçmişinin təsdiqlənməsi üçün skelet qalıqları üzərində əlavə araşdırmalar aparılmalıdır. Məsələn, güləşlə məşğul olduğuna işarə edə biləcək xarakterik xəsarətlər, o cümlədən burun sümüyünün sınması və sonradan sağalması buna dəlil ola bilər.

Aspendosda güləş xüsusi yer tuturdu

Aspendos müasir Türkiyənin cənub-qərbində yerləşən böyük qədim yunan-Roma şəhərlərindən biri olub.

Güləş şəhərin tarixində xüsusi əhəmiyyət daşıyıb. Aspendosda üzərində iki güləşçinin təsviri olan gümüş sikkələr zərb edilib.

Daha sonra, eramızın II əsrində şəhərdə təxminən 8 min tamaşaçı tutumu olan stadion inşa edilib. Burada qaçış, nizə atma və güləş yarışları keçirilib.

Arxeoloqların aşkarladığı qəbiristanlıqda qazıntılar isə hazırda davam edir.

N.Talıblı

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.