Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı danışıqlar aparmaq üçün yenidən Rusiyaya yola düşüb.
Bu barədə BBC məlumat yayıb.
Onun səfəri Ukrayna prezidenti Vladimir Zelenski ilə Osloda keçirdiyi görüşdən bir gün sonraya təsadüf edir. Zelenski həmin görüşə Uitkoffun Rusiya hakimiyyətinə çatdırmalı olduğu yeni təkliflər gətirib.
Çərşənbə axşamı Zelenski Osloda Uitkoffla danışıqlar aparıb. Görüşdə Norveçin baş naziri Yonas Qar Störe və Finlandiya prezidenti Aleksandr Stubb da iştirak ediblər. Trampın digər xüsusi nümayəndəsi və kürəkəni Cared Kuşner sammitə videobağlantı vasitəsilə qoşulub.
“Bizim sülhə nail olmaq üçün bir neçə konkret ideyamız var. Bu səylərdə avropalı tərəfdaşlarımızla həmrəyik”, – deyə Zelenski Osloda danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.
O əlavə edib: “İstərdik ki, amerikalılar bu ideyaları ruslara çatdırsınlar”.
