Ukrayna Avropa İttifaqının (Aİ) Belarusa qarşı tətbiq edəcəyi sanksiyalara qoşula bilər.
TASS-ın verdiyi xəbərə görə, bu barədə Ukraynanın Xarici İşlər naziri Dmitro Kuleba bu gün keçirilən brifinqdə deyib.
“Hələ ki, Avropa İttifaqının sanksiyalarını görməmişik, lakin biz Aİ-nin yanaşmasını dəstəkləyirik. Bu sanksiyaları gördükdən sonra öz nəticələrimizi çıxaracağıq”, – deyə ukraynalı nazir bildirib.
Nazir qeyd edib ki, Ukrayna Belarusdakı vəziyyətlə bağlı mövqeyini Aİ və ABŞ-la sinxronlaşdırır: “Biz Belarusun daxili işlərinə qarışmırıq, xalq öz inkişaf yolunu özü seçməlidir”.
Nazir Kuleba ölkəsinin Belarusda keçirilmiş Prezident seçkilərini tanıyıb-tanımamasına dair suala cavab verməyib.
“Seçkilərin nəticələri Belarus MSK tərəfindən elan edilib. Ancaq nəticələrdə əhəmiyyətli çatışmazlıqlar var idi ki, bu da seçki sahəsində standartlara cavab verməyib”, – deyə D. Kuleba əlavə edib. (APA)