Ukrayna Belarusla diplomatik səviyyədə bütün əlaqələri dayandırıb.
APA-nın “ukrinform”a istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın Xarici İşlər naziri Dmitro Kuleba deyib.
Onun sözlərinə görə, Ukrayna Avropa İttifaqının Belarusla bağlı bəyanatına qoşulub və iki ölkə arasında təmasların bərpası Ukraynanın nüfuzuna xələl gəlməyəcəyinə əmin olduqda müzakirə ediləcək.
“Belarus hakimiyyəti dinc etirazçılara qarşı zorakılığa əl atan kimi, şəxsən mən “Lüblin Üçbucağı”nın Xarici İşlər Nazirləri (Polşa, Litva, Ukrayna) adından zorakılığı qınadığımız barədə bəyanatla çıxış etdim. Daha sonra Ukrayna Xarici İşlər Nazirliyi daha ətraflı şəkildə ölkənin mövqeyini ifadə edən bəyanat yaydı. Bu bəyanatda Ukrayna Avropa İttifaqının mövqeyini bölüşdüyünü bəyan etdi”, – deyə Ukrayna XİN başçısı bildirib.
Nazir Kuleba Kiyevin avqustun 9-da Belarusda keçirilmiş Prezident seçkilərindən sonra bu günə qədər Minsklə diplomatik səviyyədə təmaslarının olmadığını əlavə edib.
“Vəziyyətin inkişafını izləyirik və yalnız bu təmasların Ukrayna üçün həm nüfuz baxımından, həm də mənəvi və etik baxımdan itkiyə səbəb olmadığına əmin olduğumuz zaman Belarusla əlaqələr bərpa ediləcək”, – deyə o bildirib. Kuleba əlavə edib ki, iki ölkənin prezidentləri arasında da heç bir təmas yoxdur, bununla bağlı gündəlikdə bir plan da yoxdur.
Kuleba, həmçinin, Ukraynanın Donbassla bağlı danışıqlar platformasını Minskdən köçürə biləcəyini deyib: “Hazırda bunun üçün heç bir əsas yoxdur, amma ehtiyac olarsa, Ukrayna buna hazır olacaq”.