Noyabrın 19-na keçən gecə Rusiyanın Tatarıstan Respublikasında pilotsuz uçuş aparatları (PUA) təhlükəsi ilə bağlı rejim elan edilib.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yeddi şəhərdə, o cümlədən Əlmətyevsk, Naberejnıye Çelnı, Nijnekamsk və Yelabuqada bir neçə saat ərzində dron hücumu təhlükəsi davam edib.
Astra nəşrinin məlumatına görə, hücumun hədəfi Əlmətyevsk şəhərindən 5-8 kilometr məsafədə yerləşən “Kaleykino” neft nasos stansiyası (NNS) olub. Obyekt Ukrayna sərhədindən təxminən 1300 kilometr uzaqda yerləşir.
Yerli sakinlərin sözlərinə görə, hücumdan sonra stansiya istiqamətində təcili tibbi yardım və yanğınsöndürən avtomobillər hərəkət edib. Rusiya hakimiyyəti hadisə ilə bağlı rəsmi açıqlama verməyib.
“Kaleykino” neft nasos stansiyası Rusiyanın magistral neft kəmərləri sisteminin əsas obyektlərindən biridir və “Transneft” şirkətinə məxsusdur.
Stansiyada Qərbi Sibir, Tatarıstan, Udmurtiya və Başqırdıstandan gələn müxtəlif markalı neft axınları qarışdırılır, kəmər sistemində təzyiq tənzimlənir və xammal, o cümlədən “Drujba” neft kəmərinə yönləndirilir.
Bundan əvvəl Ukraynanın uzaqmənzilli dronları fevralın 23-də də bu neft nasos stansiyasına hücum etmişdi. Astra nəşrinin Rusiya Fövqəladə Hallar Nazirliyindəki mənbəsinin sözlərinə görə, həmin vaxt hər birinin tutumu 50 min kubmetr olan iki neft çənində yanğın baş vermişdi.
Noyabrın əvvəlindən Ukrayna dronları Rusiyanın “Samara” xətti istehsalat-dispetçer stansiyasına (XİDS) iki dəfə hücum edib. Zərbələrdən birindən sonra obyektdə yanğını bir neçə gün ərzində söndürmək mümkün olmayıb.
Bu stansiya Rusiyanın ən böyük neft nəqli və paylama mərkəzi hesab olunur. Burada dörd magistral neft kəməri birləşir: “Əlmətyevsk-Kuybışev”, “Kaltası-Kuybışev”, “Nijnevartovsk-Kurqan-Kuybışev” və “Quryev-Kuybışev”.
Stansiya vasitəsilə Qərbi Sibir, Tatarıstan, Orenburq və Qazaxıstandan gələn neft sonrakı nəql üçün paylanır.
Ukrayna Silahlı Qüvvələri oktyabrın sonunda, ABŞ Prezidenti Donald Trampın hücumların dayandırılması ilə bağlı tələbindən sonra yaranan qısa fasilədən sonra Rusiyanın neft infrastrukturuna zərbələri bərpa edib.
Reuters agentliyinin məlumatlı mənbələrə istinadən yaydığı xəbərə görə, həmin müddət ərzində Ukrayna dronları Rusiyanın 35 iri neft emalı zavodundan (NEZ) 15-nin fəaliyyətini pozub və ya onları tamamilə sıradan çıxarıb.
Nəticədə Rusiyada neft emalının ümumi həcmi oktyabrın sonundakı göstərici ilə müqayisədə 45 faiz azalıb.
N.Talıblı
