“Ukrayna ordusunu canlı qüvvə ilə özü təmin etməlidir”.
Azpost.info RİA-ya istinadən bildirir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq G7 xarici işlər nazirlərinin İtaliyanın Kapri adasında keçirilən görüşündə çıxışı zamanı deyib.
“Ukraynanın insanlara və vəsaitə ehtiyacı var. NATO müttəfiqləri indikindən daha çox dəstək verməklə bu imkanla təmin edə bilərlər. Adamlara gəldikdə isə, Ukrayna bunu özü təmin etməlidir”, – deyə o, Ukrayna Silahlı Qüvvələrində hərbçilərin çatışmzalığı ilə bağlı sualı cavablandırıb.
Stoltenberq xatırladıb ki, Kiyev hakimiyyəti bu yaxınlarda səfərbərliyi gücləndirmək üçün yeni qanun qəbul edib. O, Kiyevin qoşunlara lazımi sayda insan cəlb etmək üçün lazımi tədbirlər görəcəyinə əminliyini bildirib.
NATO-nun baş katibi onu da əlavə edib ki, alyans üzvləri tərəfindən Ukraynaya silah tədarükündə müsbət dəyişikliklər görür. O xatırladıb ki, Danimarka, Hollandiya və Almaniya Kiyevi dəstəkləmək üçün yeni fondlar elan ediblər.
“Yaxın günlərdə Ukraynaya 61 milyard dollarlıq yardım paketini nəzərdən keçirən ABŞ Konqresindən də ümidverici siqnallar və mesajlarımız var”, – Stoltenberq bildirib.
Onun sözlərinə görə, NATO öz səylərini Kiyevə hava hücumundan müdafiə sistemlərinin ötürülməsi imkanlarının tapılmasına, o cümlədən bu təchizatların maliyyələşdirilməsi məsələsinin öyrənilməsinə yönəldib.
Aprelin 16-da Vladimir Zelenski Ukraynada səfərbərlik haqqında qanun imzalayıb.