Ukraynanı 1 milyon insan tərk edib –
Rusiya işğalı başlayandan 1 milyona yaxın insan müharibədən qaçmaq üçün Ukraynanı tərk edib.
Azpost.info xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi bildirib. “Cəmi yeddi gün ərzində bir milyon qaçqının Ukraynadan qonşu ölkələrə köçünün şahidi olduq. Ukrayna daxilində silahları susdurmağın vaxtıdır ki, milyonlarla insan üçün həyati vacib humanitar yardım göstərilə bilsin”, – o, “Tvitter”də yazıb.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığından bildiriblər ki, vətənini tərk edən ukraynalıların böyük qismi (450 min) Polşada sığınacaq tapıb. Ukraynadan gələn qaçqınların sayına görə ikinci yerdə Macarıstandır (116 min nəfər). Ondan sonra Slovakiya (67 min), Moldova (65 min) və Rumıniya (38 min) gəlir. 52 min ukraynalı qaçqın digər Avropa dövlətləri tərəfindən qəbul edilib. Ukraynanı tərk edən vətəndaşların təxminən 5 faizi (42,9 min nəfər) Rusiyaya qaçıb. 350 ukraynalı isə Belarusda sığınacaq tapıb.
Azpost.info
