Uşaqları “otlamağa məcbur edib” videoya çəkən şəxs həbs olunub

DİN-dən AÇIQLAMA
14 Aprel 2020 - 17:39

Uşaqlarını videoya çəkən Şamaxı rayon sakini polis şöbəsinə gətirilib.

Bunu Daxili İşlər Nazirliyin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov azyaşlı uşaqları həyətyanı sahədə otlamağa məcbur edən və videoya çəkərək sosial şəbəkədə paylaşan şəxsdən danışarkən deyib.

E.Zahidov qeyd edib ki, əhalinin çaşqınlığına səbəb olan məlumatlar, videogörüntülər daim diqqət mərkəzindədir: “Uşaqlarla bağlı görüntü sosial şəbəkədə yayılan kimi dərhal tədbirlər görüldü. Məlum oldu ki, bu adam Şamaxı rayon sakini İkram Xudiyevdir. Uşağın biri onun öz övladı, biri isə qohumunun uşağıdır. İ. Xudiyev dərhal polis şöbəsinə gətirilib, izahatı alınıb. İ.Xudiyev etiraf etdi ki, guya videonu zarafatla çəkib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən materiallar məhkəməyə təqdim edilib. Məhkəmənin qərarı ilə İkram Xudiyev 10 sutka inzibati həbs cəzasına məhkum edilib”. (APA)

Qeyd edək ki, sosial şəbəkədə azyaşlı uşaqlarla bağlı videogörüntü paylaşılıb. Həmin görüntüdə ata pay torpağı olanlara yardım verilməməsinə işarə edərək, uşaqlarını həyətyanı sahədə “otlamağa” məcbur edir.