“Vaksin vurduranlar xəstəliyi yüngül keçirəcək” –

İnfeksionist Sədrəddin Atakişizadə
10 Avqust 2021 - 13:14

Son günlər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma sayı qonşu Türkiyə, Rusiya və İranda olduğu kimi, Azərbaycanda da artıb. Buna səbəb həm virusun yeni ştamlarının yaranması, həm də vaksinasiya prosesinin yekunlaşmamasıdır. Ölkədə koronavirus əleyhinə vaksin vurduranların sayı ilə infeksiyaya yoluxma sayı tərs mütənasibdir. Yəni, nə qədər çox vətəndaş vaksinasiyadan keçsə, COVID-19 bəlasından da bir o qədər tez xilas olarıq. Əhalinin əksəriyyətinin vaksin vurdurması xəstəliyə qarşı kütləvi immunitetin formalaşmasına səbəb olur.

Bunu Azərtac-a açıqlamasında Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının dosenti, infeksionist Sədrəddin Atakişizadə deyib. Həkim-infeksionist bildirib ki, Azərbaycan vətəndaşları koronavirusun yeni ştamlarının region ölkələrində yayılmasını nəzərə alıb, daha ehtiyatlı olmalıdırlar.

“Vaksin vurduranlar da əsla arxayın olmamalı, “qızıl qaydalar”a əməl etməlidirlər. Vətəndaşlar kütləvi toplaşmalar zamanı tibbi maska taxmalı, sosial məsafəni qorumalı və dezinfeksiya məhlullarından istifadə etməlidirlər. Vaksin vurduranlar yoluxduqları zaman xəstəliyi yüngül keçirəcək. Hazırda reanimasiyada olan koronavirus xəstələri vaksin vurdurmayanlardır. Ağırlaşmalar yalnız vaksinasiyadan keçməyənlərdə baş verir. Doğrudur, reanimasiya xəstələri COVID-19-un əvvəlki dalğalarında olduğu qədər çox deyil, amma ötən ayla müqayisədə artım müşahidə edilir. Həmçinin əhalinin bir qrupu düşünür ki, əgər virusa yoluxmaqla immunitet qazanıramsa, vaksin vurdurmağa ehtiyac yoxdur. Bu, yanlış fikirdir. Vaksinasiyadan keçmək vətəndaşları virusun bütün ştamlarından qoruyur”, – deyə S.Atakişiyev qeyd edib.