«Təmas» Regional İnkişaf İctimai Birliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi (Gəncə şəhəri üzrə)” sosial sifarişi çərçivəsində fəaliyyət göstərən Günərzi Qayğı Mərkəzində uşaqların valideynləri üçün maarifləndirmə sessiyası keçirilib.
Sessiya «Təmas» Regional İnkişaf İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Qərb bölgəsində insan alveri və məişət zorakılığına qarşı mübarizədə yeni yanaşmalar” layihəsi çərçivəsində təşkil olunub.
“Səssiz qalma: Dəstək və müdafiə mexanizmləri” mövzusunda keçirilən sessiyada valideynlər məişət zorakılığı və insan alveri riskləri, bu halların erkən əlamətləri, hüquqi müdafiə mexanizmləri, dövlət tərəfindən göstərilən sosial xidmətlər və aidiyyəti qurumlara müraciət qaydaları barədə məlumatlandırılıblar. Eyni zamanda uşaqların təhlükəsiz ailə mühitində böyüməsi və sağlam ailədaxili münasibətlərin formalaşdırılmasının əhəmiyyəti müzakirə olunub.
«Təmas» RİİB-nin sədri Kubra Ələkbərova bildirib ki, uşaqların rifahının təmin olunması üçün yalnız onlarla deyil, valideynlərlə də sistemli iş aparılması vacibdir.
“Günərzi Qayğı Mərkəzində göstərilən sosial xidmətlərlə yanaşı, valideynlərin hüquqları, təhlükəsizlik məsələləri və mövcud müdafiə mexanizmləri barədə məlumatlandırılması ailələrin dayanıqlığının artırılmasına xidmət edir. Müxtəlif layihələri bir-biri ilə əlaqələndirməklə həssas ailələrə kompleks dəstək göstərməyə çalışırıq”, – deyə Kubra Ələkbərova vurğulayıb.
Sessiyanın sonunda iştirakçıların sualları cavablandırılıb, onların fikir və təklifləri dinlənilib.
Qeyd edək ki, «Təmas» RİİB-nin nəzdində fəaliyyət göstərən Qadın və Uşaq Sığınacağı məişət zorakılığı, insan alveri və digər çətin həyat şəraitindən zərər çəkmiş qadın və uşaqlara təhlükəsiz sığınacaq, sosial, psixoloji və hüquqi dəstək, habelə cəmiyyətə reinteqrasiya xidmətləri göstərir. Təşkilat həyata keçirdiyi müxtəlif layihələr vasitəsilə həssas ailələrin müdafiəsinin gücləndirilməsi və sosial rifahının yaxşılaşdırılması istiqamətində fəaliyyətini davam etdirir.

