Yevgeni Priqojinin hərbi qiyama cəhdindən sonra NATO Rusiya Müdafiə Nazirliyi ilə əlaqə saxlayıb.
Bu barədə İtaliyanın “La Repubblica” nəşri məlumat yayıb.
“La Repubblica” qeyd edir ki, Qərb həm də dərhal “üsyançıların cəsarət etdiyi hərəkətlərdə Qərbin heç bir rolu olmadığını” açıqlamaq istəyib.
Nəşr bildirir ki, Rusiyada Kremllə “Vaqner”in muzdluları arasında baş verən toqquşma xəbəri Qərb liderlərinə və NATO-nun masalarına gəlməyə başlayan kimi ilk səsləndirilən fikir belə olub: “Biz eskalasiya riskindən qaçmalıyıq. Nüvə qəzasının qarşısını alınmalıdır”.
“Hər şeyin mümkün olduğu bir yerdə – Moskvadakı xaosun tamamilə idarəolunmaz vəziyyətə gətirməsinə imkan verilməməlidir. ABŞ Prezidenti Bayden ilə Avropanın əsas dövlət və hökumət başçıları arasındakı təmaslarda bu məqam vurğulanıb”, – İtaliya nəşri bildirib.
“La Repubblica”nın yazdığına görə, Atlantik Alyansının Qərargahının tamamilə qeyri-rəsmi əlaqələri arasında Rusiyanın müdafiə naziri Sergey Şoyqu da olub. (APA)