Almaniyanın avtomobil istehsalçısı “Volkswagen AG” (VW) Çinin iki elektrikli nəqliyyat vasitəsi istehsalçısına 2,1 milyard avro (2,33 milyard ABŞ dolları) dəyərində investisiya yatıracaq.
“Report” bu barədə “Reuters”ə istinadən xəbər verir.
Məlumata görə, “Volkswagen” Çinin “Anhui Jianghuai Avtomobil Qrup”un dövlət mülkiyyətində olan səhmlərinin 50%-ni almaq və elektrik nəqliyyatı vasitəsinin istehsalı üçün birgə yaradılan müəssisədəki payını 50%-dən, 75%-ə çatdırmaq üçün 1 milyard avro sərmayə qoyacaq.
Belə ki, birgə müəssisə 2025-ci ilə qədər 5 yeni elektrikli maşın modeli təqdim edəcək və avtomobil istehsal bazası yaradacaq. “Volkswagen” 2025-ci ilə qədər Çində hər il 1,5 milyon yeni enerji avtomobili (NEV) satmağı planlaşdırır.
Bundan başqa, VW Çinin elektrikli nəqliyyat vasitələri üçün batareyalar istehsal edən “Guoxuan High-tech Co Ltd” şirkətinin 26,5%-ni satın almaq üçün 1,1 milyard avro investisiya yatıracaq.
Qeyd edək ki, ötən il VW bu ölkədə avtomobil zavodu alaraq Çində zavod sahibi olan ilk xarici avtomobil istehsalçısı olub.
Çin hökuməti qarşıdakı 5 il ərzində ümumi avtomobil satışlarında NEV-lərin payını 25% həddinə çatdırmağı planlaşdırır. Ötən il Çində 25 milyondan çox analoji avtomobil satılıb.